Əliqismət Lalayevin 60 yaşı tamam olur - FOTOLAR

20:26 | 01.07.2016
Əliqismət Lalayevin 60 yaşı tamam olur - FOTOLAR

Əliqismət Lalayevin 60 yaşı tamam olur - FOTOLAR

İyulun 4-ü Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Əliqismət Hümmət oğlu Lalayevin 60 yaşı tamam olur.
 
Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış teatr xadimi Əliqismət Lalayev 60 illik yubileyini iş başında - Musiqili Teatrda qeyd edəcək.
 
"Doğrudur, 60 - yubiley yaşıdır. Adətən insanlar yubileylərini böyük təmtəraqla qeyd edirlər. Mən isə təntənəni, təmtərağı heç sevmirəm. Musiqili Teatr mənim ikinci evimdir, teatrımızın kollektivi isə bir ailədir. 60 yaşımın tamam olduğu gün - 4 iyul tarixi iş günü olduğu üçün mən işdə olacağam. Həmin tarixdə teatrımızda başa çatmaqda olan 106-cı müvsümün yekunlarına həsr olunmuş möhtəşəm bir tədbir - mükafatlandırma mərasimi olacaq. Mövsüm boyu fərqlənən, seçilən, bir sıra uğurlara imza atan əməkdaşlarımızı ötən il olduğu kimi bu il də mükafatlandıracağıq. "Mövsümün ən yaxşı tamaşası” ilə yanaşı, "Mövsümün ən yaxşı aktrisası”, "Mövsümün ən yaxşı aktyoru”, "Mövsümün debütü”, "Mövsümün perspektivli aktrisası”, "Mövsümün perspektivli aktyoru”, "Mövsümün ən məhsuldar aktyoru”, "Mövsümün sevilən aktrisası”, "Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı”, "Mövsümün ən yaxşı musiqiçisi - orkestr artisti”, "Mövsümün ən yaxşı xor artisti”, "Mövsümün ən yaxşı balet artisti”, "Mövsümün ən yaxşı texniki işçisi”, "Mövsümün ən işgüzar əməkdaşı”  nominasiyaları üzrə qaliblərə xüsusi prizlər və mükafatlar veriləcək. Beləliklə, mən doğum günümdə Musiqili Teatr adlı ailəmizin üzvləri ilə bir yerdə olacağam, fəaliyyətlərinə, uğurlarına görə mükafatlandırılan əməkdaşlarımızın sevincini bölüşəcəyəm.
 
Zənnimcə, doğum gününü bundan gözəl qeyd etmək mümkün deyil”, - deyə Əliqismət Lalayev bildirib.                                                                                                       
Qeyd edək ki, Əliqismət Hümmət oğlu Lalayev 1956-cı il iyulun 4-də Salyan şəhərində anadan olub. Atası Hümmət Mədət oğlu Lalayev Salyanın sayılıb-seçilən ziyalılardaında biri idi. Hümmət Lalayevin kiçik oğlu olan Əliqismət Lalayev 1972-ci ildə Salyan şəhər 4 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Əmək fəaliyyətinə həmin ildə başlayan Əliqismət ilk müstəqil addımlarını mədəniyyət sahəsində atıb: əvvəl klub müdiri olub, daha sonra Salyan rayon "Qələbə” qəzetində korrektor vəzifəsində çalışıb.

 Ə. Lalayev 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun  (indiki Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq  fakultəsinə daxil olub, 1980-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Respubliksı Mədəniyyət Nazirliyiynin xüsusi təyinatı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində çalışan gənc rejissor daha sonra ordu sıralarına həqiqi hərbi xidmətə çağrılıb.

1982-ci ildə ordudan tərxis olunan Ə. Lalayev 1988-ci ilədək Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor və aktyor kimi əmək fəaliyyətini davam etdirib. Elə ilk tamaşalarından teatr  ictimaiyyətinin diqqətini cəlb  edib və mütəxəssislər onu istedadlı, ümidverici, yaradıcı bir gənc kimi qiymətləndiriblər. Onun hazırladığı tamaşalar, ifa etdiyi rollar ideya-bədii düşüncə tərzi, səhnə yozumu, müasirliyi, gənclik cəsarəti ilə fərqlənib, Azərbaycan teatr həyatında əsl hadisəyə çevrilərək milli teatrın dəyərli nümunələri kimi müxtəlif illərdə  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi mükafatlarını qazanıb.

1988-ci ildə Salyan şəhərinə qayıdan Ə. Lalayev əvvəlcə "Qələbə” qəzeti redaksiyasında məsul katib, daha sonra isə Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifələrində çalışıb, 1993-cü ilin sentyabrında isə M. Maqomayev adına Azərbaycan Dövlət  Filarmoniyasının direktor müavini vəzifəsinə irəli çəkilib. 1996-cı ilin aprelində   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 1996-2006-cı illərdə  baş idarə rəisi, 2006-2008-ci  illərdə isə Mədəniyyət və Turizm  Nazirliyi incəsənət şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Azərbaycan Dövlət Musiqili Teatrının direktorudur.   

Əliqismət  Lalayev  1968-ci ildən – 12 yaşından dövrü-mətbuatda çıxış edir.  Yüzlərlə məqalə, oçerk və zarisovkanın müəllifidir. Yazılarında əsasən mədəniyyətin müxtəlif sahələrini işıqlandırır, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığından bəhs edir. O, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Milli mədəniyyətin inkişafındakı xidmətlərinə görə 1986-cı ildə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi Mədəniyyət və İncəsənət Departamentinin direktorudur.

Ə. Lalayev Azərbaycan Respublikası Prezidentinin  fərmanlarına və sərəncamlarına əsasən respublikada keçirilən bir çox dövlət səviyyəli tədbirlərin, milli mədəniyyətimizin təbliği məqsədi ilə Rusiyada, Türkiyədə, İran İslam Respublikasında, Almaniyada, Avstriyada, Norveçdə, Birləşmiş Ərəb Əmirliklərində,  Ukraynada, Qazaxıstanda, Türkmənistanda, Gürcüstanda təşkil olunan Azərbaycan Mədəniyyəti  günlərinin, müxtəlif səpkili mədəni-kütləvi tədbirlərin, festival və müsabiqələrin təşkilatçısı və iştirakçısı olub.
 









 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM