Ərdoğan - Əliyev görüşü öncəsi böyük təxribat

08:58 | 03.09.2014
Ərdoğan - Əliyev görüşü öncəsi böyük təxribat

Ərdoğan - Əliyev görüşü öncəsi böyük təxribat

Türkiyə Azərbaycan münasibətlərini kim gərdi - təhlil; İki qardaş ölkə arasında qısamüddətli viza şoku yaşandı; Azərbaycan-Türkiyə münasibətlərinə çat salmağa çalışdılar; Ankaradakı səfirliyimiz bunu “siyasi təxribat” adlandırdı; xəbərin qaynağı AKP iqtidarına yaxın “A haber” kanalı imiş; Bakı hər şeyi təkzib etdi; lakin ortada daha ciddi məsələlər də var...Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlməsinə saatlar qala iki qardaş ölkə arasında şok yaşandı. Türkiyə mediasının da körükləməsi nəticəsində, az qala ölkələrin cəmiyyətləri arasında çatlar yaranacaqdı.Nə baş verdi və baş verənə reaksiyalar necə oldu?Ərdoğana yaxın media-holdinqin elementlərindən olan “A haber” telekanalında “Azərbaycandan şok Türkiyə qərarı” başlığı ilə xəbər getdi. Burada kimsənin adı çəkilmədən Ankaradakı səfirliyimizə istinad vardı. Sonra bu cür xəbərlər Türkiyənin bütün KİV-lərinə sıçradı və ölkənin gündəminə oturdu. Xəbərin mahiyyəti isə bu idi ki, guya 2014-cü ilin 1 sentyabr tarixindən etibarən Azərbaycanla Türkiyə arasında qüvvədə olan bir illik və çoxgirişli Azərbaycan vizası verilməsi qaydası ləğv olunur. Yeni qaydaya əsasən Türkiyə vətəndaşları 1 illik viza ilə Azərbaycana yalnız bir dəfə səfər edə bilər.Xəbərdə iddia olunurdu ki, sentyabrın 1-dən etibarən Azərbaycanın Ankaradakı Baş Konsulluğu türkiyəli sürücülərə təkgirişli viza verməyə başlayıb. Bu günə qədər ildə bir dəfə viza alan Türkiyə vətəndaşları (TIR sürücüləri) bundan sonra ayda 3, bir ildə isə 40 dəfə viza almaq məcburiyyətində qalacaqlar. Televiziyalar xəbər yayımının istiqamətini dəyişib, efirə Azərbaycanla əlaqəli simaları çıxartmağa başladılar. Onlar da asdılar-kəsdilər. Məsələn, Türkiyə Beynəlxalq Nəqliyyat Birliyinin nümayəndəsi Fatih Şener bildirdi ki, Azərbaycan konsulluğunun “...prezident Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ərəfəsində belə bir qərar qəbul etməsi ”Bir millət, iki dövlət" anlayışına uyğun gəlmir.  Azərbaycanın bu qərarı Türkiyənin 500 milyard dollarlıq ixracat hədəfinə mənfi təsir göstərəcək".  Görünən bu idi ki, hansısa qüvvələr bir anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmağa çalışırlar.Etiraf edək ki, xəbər rəsmən təkzib edilməsəydi və doğru çıxsa idi, gerçəkdən də bir skandal sayıla bilərdi. Azərbaycan vətəndaşlarına viza tətbiq etməyən Türkiyəyə qarşı bu cür addım atmaq ikiqat yanlışlıq olardı və onu elə biz də qınayardıq. Ankaradakı səfirlik: “Bizim adımızdan təxribatdır”...Lakin panika və şok yerini əvvəlcə təzadlı reaksiyalara, sonra isə birmənalı təkziblərə verdi. Məsələn,  İstanbuldakı baş konsulumuz Həsən Zeynalov musavat.com-a eksklüziv açıqlama verərək, dedi ki, bu iddialar yalandır və heç bir əsası yoxdur, vizaların verilməsində qaydalar dəyişdirilməyib. Elə eyni anda Türkiyədəki səfirliyimizin mətbuat xidməti bir az düzəltmə etmək istədi və işi daha da mürəkkəbləşdirdi.  Sitat: “Azərbaycanla Türkiyə arasında viza rejiminə edilən dəyişikliklər sırf texniki xarakterlidir. Burada siyasi xarakterli heç nə yoxdur”.İşin gülməli tərəfi budur ki, yenə də eyni binadan -  Ankaradakı səfirliyimizdən fərqli bir məzmun yayınlandı. Dövlət xəbər agentliyi olan AzərTAc Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayevin adından məlumat yaydı ki, iki qardaş ölkə arasında “...mövcud sadələşdirilmiş viza rejimi bu günə qədər tətbiq olunduğu qaydada davam etdirilir. Viza rejiminin dəyişdirilməsinə dair səfirliyin mətbuat xidmətinə istinadla yayılmış məlumatlar siyasi təxribat xarakterli şayiədən başqa bir şey deyil”.Təxribatın müəllifi kimdir? 2009 təkrar olunur?Bəli! Təxribat var, etiraf olunur, həm də bu təxribatı Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidməti adından -  yəni Azərbaycan adından həyata keçiriblər. Bəs bunu kim və hansı məqsədlə edib? Bu barədə qəzetimiz çapa gedənə qədər heç bir açıqlama, arayış, bildiriş verilməmişdi. Türkiyənin yeni  prezidentinin ilk xarici səfəri (KKTC də bu sıradadır - red.) ərəfəsində, Ərdoğanın Bakıya gəlişinə saatlar qala bu cür təxribat törədən qüvvələr meydan sulaya bilirsə, deməli, ortada ciddi məqamlar var. Onsuz da gələn bir sıra məlumatlar sübut edir ki, hazırda Türkiyə ilə Azərbaycan hakimiyyətləri arasında münasibətlərdə ictimaiyyətə açıqlanmayan, duyurulmayan gizli , amma ciddi soyuqluq yaranıb. Səbəb? Ermənilər! Türk düşməninə bu dəfə də Türkiyə iqtidarı isti baxmağa başlayıb və bu da Azərbaycan iqtidarını qıcıqlandırır. Ermənistanın xarici işlər nazirinin Ankaradakı inauqurasiya törəninə dəvət olunduğunu və orada sıcaq qarşılandığını bilirik. Lakin görünən budur ki, bilmədiyimiz çox şeylər var. Hansılar ki, Azərbaycan iqtidarına məlumdur və bu səbəbdən də o, gərginlik keçirir. Eynilə 2009-cu ildə, bədnam Sürix protokolları gündəmə girməmişdən az əvvəl yaşanan bir gərginlikdən söhbət gedir. O zaman Azərbaycan hakimiyyəti açıq xəyanətə uğramışdı -  təfsilat verməyək, lakin bu bir faktdır. İndi ortada ciddi bir sual var: AKP iqtidarı yenədəmi ermənilərə aid beynəlxalq layihələrdə yer alıb? Yoxsa aylardır hücum taktikasında oynayan və ölkəsindəki bütün daxili rəqiblərini darmadağın edən Ərdoğan eyni taktikanı Azərbaycana da tətbiq edir? Rəsmi Bakını ermənilərlə yaxınlıq qura biləcəyi ilə sıxır ki, istədiyini sonuna qədər ala bilsin...Ərdoğan Bakıdan nə istəyir?Bəs onun istədiyi nədir? Nə ola bilər? Təxmin etmək mümkündür. Cənab yeni prezident həm məşhur “Balkon qonuşması”nda, həm də sonradan böyük mərasimlərdəki çıxışlarında əsas prioritetini elan edib, savaş istiqamətini, savaşacağı hədəfləri  göstərib. Ermənilər yoxdur orada! Orada “paralel yapı” adlandırdığı, 9 ay öncəyə qədər iqtidar ortağı olduğu Fətullah Gülən camaatı var. Həm də hələlik yalnız onlar var. Hörmətli Tayyib bəy onlardan Bakıda qalan izləri də qazımağamı gəlir? “Xəzər TV”-ni qapat, “Qafqaz Universitetini qapat” təhdidləri haqda şayiələr doğrudurmu? Ermənilərə münasibətdə bu reverans, “...bax, ha” təhdidi bunlar üçündürmü? Yoxsa məsələ daha dərindədir -  təəhhüd götürülüb? Ki, prezident olum, Sürix protokolları və ermənilərlə bağlı başqa türlü projelərə həyat verəcəm...Nədir o, “başqa türlü” proje? Məsələn, ermənilərlə diplomatik münasibətlərin qurulmasına start verilməsi... Bunun ardınca onsuz da avtomatik olaraq, sərhədlərin açılması gəlir...Hər nədirsə, ortada ciddi gərginlik var və baş verən, səfirliyimizin də “siyasi təxribat” adlandırdığı xoşagəlməz hadisə boşuna deyil. Bunun böyüməməsi, iki qardaş ölkə iqtidarını bir daha küsdürməməsi üçün dua etməkdən başqa çarəmiz də yoxdur. Bəs nə olacaq?Sadəcə, bu məqamda qeyd edək ki,  bugünlərdə Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu 62-ci hökumətin xarici siyasətinin məqsədlərini və proqramını açıqlayarkən, Ermənistanla münasibətlərə və Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Qəzetimizin də hər üzvünün sayğı və sevgi ilə yanaşdığı Davudoğlu bildirib ki, yeni hökumət Qafqaz regionunda sülhün bərqərar olması və Qarabağ münaqişəsinin tezliklə həll edilməsi istiqamətində öz səylərini əsirgəməyəcək. Eyni zamanda Davudoğlu Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımların bundan sonra da davam etdiriləcəyini vurğulayıb.Bu isə sübut edir ki, Türkiyə hökuməti Ermənistanla münasibətlərdə yeni strategiya qurmağa çalışır. Şübhəsiz, anlamaq mümkündür - gələn il qondarma “erməni soyqırımı”nın 100 illiyi tamam olur. Ekspertlərə görə, Qərb paytaxtları Türkiyənin Ermənistanla əlaqələr yaratması üçün təzyiqlər edir. Ancaq sərhədlərin açılmasının Azərbaycan, eləcə də Türkiyə ictimaiyyəti üçün  “qırmızı xətt” olduğunu bilən Ankara rəsmi Bakını hər hansı yolla bu layihəyə razı salmağa çalışır. Nə olacaq? Bu sualın qismən cavabı prezidentlərin Bakıdakı görüşündə bilinəcək. Lakin çoxlarımızın bilmədiyi çox şeylər də olacaq ki, onlar da çoxlu suallar yaradacaqlar. (musavat.com) ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb