Ərəb şeyxləri ov zamanı qanunlarımızı pozduqlarına görə cəza aldılarmı? - ARAŞDIRMA

17:07 | 14.10.2015
Ərəb şeyxləri ov zamanı qanunlarımızı pozduqlarına görə cəza aldılarmı? - ARAŞDIRMA

Ərəb şeyxləri ov zamanı qanunlarımızı pozduqlarına görə cəza aldılarmı? - ARAŞDIRMA

Son zamanlar dünyanın varlı və imkanlı adamları Azərbaycanda VİP-turizm xidməti ilə qarşılanırlar. Buna misal olaraq bu ilin yaz və yay aylarında ərəb milyonçularının ölkə ərazisində ov etmələrini, bunu təsdiq edən fotoların mediada yayımlanmasını, eləcə də ov aparılan ərazilərin bələdiyyə sədrlərinin bu səfərləri təsdiq etməsini göstərmək mümkündür. 
 
 

Azərbaycanda ovculuğun qədim tarixi olsa da, əcnəbilərin, xüsusən də milyonçuların Mil-Muğan düzündə ova çıxması yeni hadisədir. Son məlumatlara görə, ərəb şeyxlərini müşayiət edən 40-50 nəfərlik qrupla birgə Azərbaycana ova gələn üçüncü ərəb dəstəsidir və onların ovçuluqda kifayət qədər səriştəli olduqları deyilir.
 
 

Azərbaycan mətbuatının yazdığına görə, ərəb milyonçuları ölkəmizdə olarkən nadir quşları ovlayıblar. Ovçuluqla məşğul olan əksər insanları bu məsələ narahat etsə də, bu qanun pozuntusuna görə heç bir cəza tədbiri görülməyib. 

Ümumiyyətlə, ölkəmiz peşəkar ovçular üçün nə qədər cəlbedici ola bilərlər? Xüsusən də varlı və imkanlı ov həvəskarları Azərbaycanda hansı ov növdən istifadə edirlər? ANN.Az bu və ya digər məsələləri araşdırmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalova müraciət edib.
 
 

Hər kəs qanun qarşısında eynidir

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov ANN.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda istər yerli, istərsə də əcnəbi ovçular ov edə bilər. Amma bunun üçün təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən deyil, eyni zamanda Ovçular Cəmiyyətindən və digər qurumlardan da icazə almaq lazımdır: "Ov etmək üçün əcnəbi və yerli ovçular arasında fərq yoxdur. İcazə alındıqdan sonra hər bir ovçuya xüsusi nəzarət olmalıdır. Onlara göstərilməlidir ki, hansı miqdarda və hansı heyvanlar ovlana bilər və s. Çünki nadir quşlar ovlana bilər. Bunu birdəfəlik hamı yadda saxlamalıdır ki, nadir heyvanların ovlanması qəti qadağandır. Fərqi yoxdur istər yerli, istərsə də əcnəbi ovçu olsun, bunu dərk eləməlidir və qanun qarşısında eyni cavab verməlidir”. 
 
 

Ekspert əlavə edib ki, ovçuluqla bağlı rusum və qiymətlərin necə olması yerli və əcnəbilər üçün də fərq etmir: "Nazirlik necə müəyyən edibsə, o qiymətlərlə də tənzimlənir. Əgər əcnəbi ovçu Azərbaycanda ov etmək üçün gəlirsə, fərqi yoxdu kimin qonağıdı o gələn şəxs,  ilk növbədə rəsmi şəkildə icazə alınmalıdır. Əcnəbi ovçular icazə üçün bir dəfə müraciət edirlər”. 

Ekspert əlavə edib ki, kimliyindən asılı olmayaraq nadir heyvanları ovlayan hər hansı şəxs  müəyyən edilmiş məbləği rəsmi şəkildə ödəməlidir”.
 
 

Nazirlikdən cavab verən olmadı

Təəssüf ki, mövzu ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisindən açıqlama almaq mümkün olmadı. Amma qurumdan adının açıqlanmasını istəməyən nümayəndəsi bildirdi ki, ov üçün icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti, eləcə də Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır: "Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağandır”.
 
 

Qurum 2015-2016-ci illər üçün ov mövsümünü bu ilin 30 mayında açıq elan edib. Respublika ərazisində 2015-2016-cı illərin ov mövsümündə vəhşi heyvanların və quşların müəyyən olunmuş ovlanma müddətləri və normaları göstərilib. Məsələn:
 
• Dağıstan turu (təkə) 30 may-17 oktyabr 2015-ci il tarixlərində, 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), Zaqatala, Şəki, Qax, Quba, İsmayıllı, Oğuz; 

• Qaban (çöl donuzu) 19 sentyabr-19 dekabr 2015-ci il tarixlərində, 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı; 

• Dovşan 14 noyabr 2015-ci il-09 yanvar 2016-cı il tarixlərində, 2 baş (adambaşına), Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı; 

• Bataqlıq qunduzu (nutriya) 10 oktyabr 2015-ci il-20 fevral 2016-cı il tarixlərində (nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün);

• Cüllüt (ağquyruq, çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çölhaçaquyruq cüllütü istisna olmaqla) 12 sentyabr–07 noyabr 2015-ci il tarixlərində, 6 ədəd (adambaşına), müvafiq ov sahələri və ovçuluq təsərrüfatları;

• Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla ) 10 oktyabr 2015-ci il –20 fevral 2016-cı il tarixlərində, 1 ədəd (adambaşına), su-bataqlıq ərazisi olan ovçuluq təsərrüfatları;

• Ördək (ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla) 10 oktyabr 2015-ci il – 20 fevral 2016-cı il tarixlərində, 4 ədəd (adambaşına), su-bataqlıq ərazisi olan ovçuluq təsərrüfatları;

• Qaşqaldaq 10 oktyabr 2015-ci il–20 fevral 2016-cı il tarixlərində, 6 ədəd (adambaşına); su-bataqlıq ərazisi olan ovçuluq təsərrüfatları.

Birdəfəlik ov icazəsinin qiyməti aşağıdakı kimi müəyyən edilib:

• Dağıstan turu (təkə) - 24 manat 75 qəpik; 
• Qaban (çöl donuzu) - 16 manat 50 qəpik;
• Dovşan - 2 manat 20 qəpik; 
• Cüllüt – 31 qəpik;
• Ördək – 99 qəpik;
• Qaşqaldaq – 31 qəpik;
• Qaz – 2 manat 53 qəpik. 
 
 

Nazirliyin rəsmi saytında yerləşən məlumatdan göründüyü kimi, 2015-2016-ci illər üçün ov mövsümü 30 mayda elan olunub və buradan da aydın olur ki, ov üçün icazə almaq üçün əvvəlcədən əlaqədar təşkilatlara müraciət olunmalıdır. Buradan da göründüyü kimi, əgər ərəblər Azərbaycan ova gəlirlərsə, onlar rəsmi icazəni ən azı 1 il bundan əvvəl almalıdır.
 
 

Xatırladaq ki, ərəb şeyxlərinin ilk dəstəsi Azərbaycanda ova mart ayında gəlib və  həmin vaxt 2014-2015-ci il ov mövsümünə təsadüf edir. İkinci, üçüncü qrup isə 2015-2016-ci ilin ov mövsümündə ova gəlib.

İlk ovçu ərəb şeyxləri ötən ilin mart ayında da üç həftəyə yaxın Saatlı və İmişli rayonlarının ərazisində, Mil düzündə – Kür-Araz ovalığının cənub-qərb hissəsindəki ovalıqlarda əylənmişdilər. O zamankı ov həvəskarları isə keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olmuşdu. Həmin vaxt ərəb şeyxləri ov zamanı Saatlı rayonu ərazisində, elə Mil düzündə çadırlar quraraq orada qalırdılar. Yerli təbiət və sadə kənd adamları zəngin ərəblərə o dərəcədə xoş təsir bağışlamışdı ki, onlar burada hətta torpaq sahəsi almaq fikrində olduqlarını da dilə gətirmişdilər.
 
 

Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum və 100-ə yaxın səhabəsi ov etmək üçün bir ay əvvəl Azərbaycana gəlmişdi

Onlar ötən il olduğu kimi bu il də Hacıqabul rayonunun Qarasu kəndinə gediblər. Lakin 2-3 gün Hacıqabulda qalandan sonra şeyx müvəqqəti olaraq Dubaya qayıdıb. Amma onu müşayiət edən əshabə və xidmətçiləri hələ də Qarasudadır. Kənd sakinlərinin virtualaz.org saytına verdiyi məlumata görə, ərəblər Qarasu kəndində artıq iki mülk də alıblar.

İnzibatı Xətalar Məcəlləsindən çıxarış: 

Maddə 111. Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması

111.1. Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə -
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək miqdarda cərimə edilir.[235]

111.2. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə -
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. 

Maddə 112. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması

112.0. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:

112.0.1. heyvanlar aləminin obyektlərindən istifadənin limitlərinin artırılmasına;

112.0.2. dövlət ekoloji ekspertizasının tələblərinin yerinə yetirilməməsinə;

112.0.3. heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə;

112.0.4. qurumuş bitkilərin və ya onların qalıqlarının özbaşına yandırılmasına;

112.0.5. bitki mühafizə vasitələrinin, onların boy stimulyatorlarının, mineral gübrələrin və başqa maddələrin (preparatların) saxlanması, daşınması və tətbiq edilməsi qaydalarının pozulmasına;

112.0.6. özbaşına, yaxud müəyyən edilmiş qaydanı pozmaqla heyvanları köçürdükdə, iqlimə uyğunlaşdırdıqda və artırdıqda genetik cəhətdən dəyişmiş orqanizmlərdən istifadə edilməsinə;

112.0.7. heyvanlar aləmi obyektlərinin vəziyyəti, sayı, onların istifadəsi haqqında məlumatların gizlədilməsinə və ya təhrif edilməsinə görə -
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan yeddi min manatadək miqdarda cərimə edilir. [237]
Maddə 113. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması

113.1. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni:

113.1.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

113.1.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

113.1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

113.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız torpaqları bərpa etmədən yeni (xam torpaq sahələrini) təsərrüfat və ya sair fəaliyyət dövriyyəsinə daxil edilməsinə;

113.1.5. ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata keçirilməsinə;

113.1.6. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artım və yayılmasının qarşısını almaq üçün səmərəli tədbirləri hazırlamadan süni yolla əldə edilmiş orqanizmlərdən istifadə edilməsinə, çoxaldılmasına və ya yayılmasına;

113.1.7. ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə;

113.1.8. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrdən istifadə edilməsinə, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə;

113.1.9. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların ölkəyə gətirilməsinə və ya istehsalına;

113.1.10. radioaktiv tullantıların, işlənmiş, lakin yenidən istifadəyə yararlı olan nüvə yanacağının, müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş siyahıda göstərilən toksik və sair təhlükəli istehsalat və məişət tullantılarının, digər radioaktiv maddələrin və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadəsi texnologiyası ekoloji təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə;

113.1.11. müvafiq normativ hüquqi aktlarla ekoloji cəhətdən təhlükəli fəaliyyət kateqoriyasına aid edilmiş sair fəaliyyətin həyata keçirilməsinə;

113.1.12. bu Məcəllənin 113.1.1-113.1.11-ci maddələrində göstərilən xətaların törədilməsi ilə müşayiət olunan elmi tədqiqat, iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görə -
fiziki şəxslər iki yüz manatdan yeddi yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir.

113.2. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulmasına görə-
fiziki şəxslər üç yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə edilir.
 
Orxan Aslanlı



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM