Çərənçinin məktubları (HEKAYƏ)

12:51 | 02.12.2013
Çərənçinin məktubları (HEKAYƏ)

Çərənçinin məktubları (HEKAYƏ)

Sevinc Çılğın“Çoxdandır ki, sənə yazıb hər şeyi demək istəyirəm. Sənə boşuna ümid verib özümü də, səni də aldadıram. Əslində təzədən başlayıb əvvəlki sözləri təkrar etməyin də mənası yoxdur. Özün də bilirsən ki, xətrini nə qədər istəyirəm. Amma sənə ərə gəlməyə bu bəs eləmir. Bu iş mərhəmətlə-filan olan şey deyil.Dayın arvadı bizimkilərə bir-iki aya qayıdacağını deyib. Hamı səni gözləyir. Desəm məndən başqa, üzülüb-eləmə. Yəni ki, ümidlə qayıdıb yox eşidəcəyini düşündükcə, daha bir-iki ay da orda qalıb unutmağını istəyirəm.Ötən bir-iki görüşün xəyalına uyub özünü bədbəxt eləmə. Unut məni. Unut getsin...Bizimki də gələsidir yaxınlarda. Neynim, unuda bilmədim. Kənddən xəbər gətirən Fərhad əminin kiçik oğlu dedi ki, gələn yaza ümid yeri var. Sözüm ondadır ki, sən də daha ümid eləmə. Bir parça daş bil məni, keçib getsin.Salamat qal!” – təxminən belə bir məktub yazmaq istəyirdim ona. Gecə vermişdim bu qərarı. Tənbəllik eləməyib oturub yazdım da. Ama adi dəftər vərəqi tapa bilmədim. Əlimi uzadıb stolun üstündəki salfetlərdən bir neçəsini götürüb cızmaqara elədim. Soyuducunun səsi əsəblərimlə oynayırdı. Qazı da söndürməmişdilər. Bu dəfə tənbəllik edə bilmədim. Durub bütün səsləri kəsdim. “Cəhənnəmə xərəb olsun ət də, toyuq da” – bəyəm gecənin bu aləmi başqa şey düşünmək olardı? Mən də elə bunu düşündüm. Yerimə girsəm də, yatmaqdansa qurcalandım. Nənəm həmişə yuxudan duran kimi uzun-uzadı yuxu danışardı. Yata bilmədiyi gecələrin səhərisə “balam, ilan vuran yatdı, mən yata bilmədim bu gecə” – deyərdi. Yəqin ki, bu gecə də bütün ilan vuranlar yatmışdı.Yuxarıda yazdığım qaralama məktubu başımın altına qoydum. Sonra bir də açıb oxudum. Sonra bir də başımın altına qoydum. Qərar verə bilmirdim – “bunu göndərmək lazımdı, ya yox?!”. Sonra fikirləşdim ki, hələ bir səhər durum, baxım görüm, sabah da bu fikirdə olsam, göndərərəm. Deyəsən, sonra yatmışam ki, daha heç nə yadıma gəlmir.***Bu evdə yatmaq zülmdü, zülm. Səhərlə bir yerdə bizimkilər soyuducunu da açırlar. Çaydanın altı yanır, tava isinməkçün qazın gözünə qoyulur, mən də gözümü açıram. Ay yatdun ha bundan sonra...Bizim evimiz çoxadamlıdır. Adamların hamısına yer olmasa da, yerlərin hamısında adam olur. Oturub saysaq, beş-altı ailə yaşayır bu mənzildə. Qohum sarıdan korluq çəkmərik. Bəlkə inandırıcı olmaz, ama yalan deyənin atasına lənət. Allah verən günün səhərini də, axşamını da ərə getməkdən başqa elə də böyük bir arzum olmur desəm, qınanmayım gərək. Artıq tez-tez düşünməyə başlamışam ki, mətbəxi yataq otağıyla əvəz etməyin vaxtı keçir. Yaşım da yerində dayanmayıb. Birini qapazlayıb ərə getmək lazımdır. İntəhası... Bu intəhasız iş ötmür ki, ötmür. Gecələri fəlsəfə doğrayıb, gündüzləri ona-buna ümid verməyi vərdişə döndərmişəm artıq. Unutmaq da biyardır elə bilirsən bu diyarda. Hər axşam...***Bizim evin damı srağa gün damıb da qanımızı qaraltdı. Düz on beş il bundan əvvəl Qamboy kişinin əlindən çıxmışdı bu dam. Kişi elə on beş ilə də zamin durmuşdu. Ötən günorta atam Qamboy kişini dartıb yenə gətirdi. Deyir, çıx dama, bir çarə qıl. Düz yollarda yanını əyə-əyə yeriyən Qamboy kişinin bu evin ikinci mərtəbəsinə necə dırmaşacağını maraqla izləməkdən ötrü həyətimizdə “ailə üzvlərimizdən ibarət” mitinq elədik. Yaşı yetmiş ikini haqlamış bu adamın “dərələrdən sel kimi, təpələrdən yel kimi” adlayıb evin damından üzüaşağı baxdığını görəndə gözlərimiz kəlləmizdə idi. Atam aşağıdan yuxarı dilləndi:– Qamboy kişi, evin üstündəki o ceyranı görürsən?– Görürəm, qadası. Noolub ki? – Qamboy kişi yuxarıdan aşağı.– Üstünü yazdığın yadındadı? – aşağıdan yuxarı.– Həəə, yaddan çıxarmı, qadası?! – yuxarıdan aşağı.– Dəyiş onu. – aşağıdan yuxarı.– Nəyi? Ceyranı? – yuxarıdan aşağı.– Yoo. Ceyranın üstündəkini. – aşağıdan yuxarı.– Niyə, qadası? – yuxarıdan aşağı.– Vaxtı keçib. – aşağıdan yuxarı.– Nəyin, qadası? – yuxarıdan aşağı.– Oğlum böyüyüb... – aşağıdan yuxarı.– Əcəb eləyib! – yuxarıdan aşağı.– Daha onun adını yaz ora. Bu gün-sabah evləndirəsiyik. Vaxtı çatanda oda dəyişər... – aşağıdan yuxarı.– Bə sənin adın, qadası, adın illərdi burda yaşayır. Bu yerlərə baş çəkəntapılanda Əsədin oğlu Səmədin ceyranlı evi deyib də itmiş küçələri tapırlar. Deyirsən indi bələdçilik eləməsin bu ceyranın? – yuxarıdan aşağı.– Yenə edər də, nə dəyişir ki. İndi də deyərlər Səmədin oğlu Əsədinceyranlı evi. Zad deyil, babam eləyib – aşağıdan yuxarı.Qamboy kişi bir ürəkdən güldü, gəl görəsən. Atam yenə aşağıdan yuxarı:– Qamboy kişi, istəyirəm illərlə Əsədin oğlu Səmədin ceyranlı evi daha Səmədin oğlu Əsədin ceyranlı evi olsun də.Gülüşünün axırı dərin bir aha dönən Qamboy kişinin deyəsən, üzü qaraldı. Qamboy kişi yuxarıdan aşağı...***İki gündür evimizin kandarını qanun keşikçiləri qoruyur kimi görsənsə də, sual-cavab olunmaqdan atam az qala qovacaq onları. Amma birtəhər dözüb yola verməyi əmim məsləhət bildi ona. Necə olmasa, bizim həyətin “məhsuludur” bu “cinayət”. Anam da dünəndən aylarla qapımızı döyməyən, indi ürəyi yandığından ah-uf edən qonşularımıza hadisəni hər nağıl edəndə ağlayır. Deyir – balamın adını yazaceydi ora. Səmədin oğlu Əsədin... – daha dalını deyə bilmir. Kövrəkdi anam...***Sabah qardaşım qıza baxmağa gedəcək. Hansı qıza? Keçən həftə Əhmədin toy kassetinə baxanda xalamın qonşusunun qızını göstərdilər ona – o qıza. Deyir, əsilli-nəsilli qızdı. Atası, anası da yaxşı adamdı. Bir də özündən kiçik bacısı var. Səkkizinci sinifdə oxuyur. Qızın da vur-tut on yeddi yaşı var. Halal süd əmib. Doqquzuncu sinifdən çıxarıb evdə oturdublar. Evcanlıdır. Yaxşı biş-düş bacarır. Qızın bir eybi var, o da eyibsizliyidir. Anam deyir bizə də beləsi lazımdı. Deyir, oğlum aydan arı, sudan durudur. Sabah qardaşım qızla bir-iki kəlmə kəsməlidir. Yaxşı kəssə, bir həftəyə anam, xalam gedib istəyəcəklər. Evimizə gəlin gələcək...O gecə yazdığım məktub vardı ha, səhəri əl-üzümü yuyanda cırıb atdım. Göndərməyə ürəyim gəlmədi. Üstəlik qardaşım da evlənir axı...***“Əsədin oğlu Səmədin ceyranlı evindən o gün əli xonçalı çıxdılar. Deyəsən, böyük gədəni evləndirirlər. Deyirlər, qız yaxşı yerdəndir” – məhəlləmizin son günlər ən sevimli söz-söhbətidir. Kim bizlərdən birinə rastlasa, qızın kimlərdən olduğunu xəbər alır birinci. Anam öyrədib ki, soruşan olsa, bəy nəslindəndir deyək. Bizlərdə böyük sözündən çıxmaq çörəyə təpik atmaq kimi bir şeydi...***Telligilə falçı gəlib. Kasaya su töküb fala baxır. Elə bilirsiz anam getmədi? Getdi də, gəldi də. Telli arvadın qonağı deyib ki, evimizdə cadu var. “Qızıvun bəxtin bağalayıblar” – anam elə yana-yana dedi ki onun dediklərini. Deyir, həyətimizdə ağacın altına basdırıblar. Bir-iki günə gəlib cadunu tapıb çıxartmalıdır.***“Salam. Necəsən? Adətən sevgi məktubları belə başlamır. Necəsənin yeri yoxdu, bilirəm. Ama birtəhər başlamaq lazımdı axı sözə.Mən qərarımı vermişəm. Ona məktub yazıb hər şeyi başa saldım. Dedim, bizimki tutmaz. Dedim, səni unuda bilmirəm – onu yox a, səni. Dedim, bu qədər mərhəmətli, alicənab olub məni istəmə. Hamısını dedim. Daha doğrusu, yazdım. Noolsun?! – göndərə bilmədim. Cavab da almadım...Qardaşımın toyu oldu. Gələn ayın 14-ü gəlin gətirəsiyik. Hamı Əsəd oğlu Səmədin ceyranlı evindən danışır buralarda. Atam hər şeyi təzələyib. Evimizə gəlin gələcək axı. Qardaşımın otağından daşınmışıq. İndi onlarçun hazırlanıb.Eh...Necə utanmıram e. Bayaqdan elə özümdən danışıram. Sən neynirsən? Nə var, nə yox? Anan-bacın? Hamısı yaxşıdır? Salam söylə. Bəlkə gələn yay gələ bildik. Bu yay daha başımız qardaşımın xeyir işinə qarışdı da. Dayıdostun yaza biz tərəflərə keçəcəyini dedi...Nə isə... Daha bəsdir. Yordum səni deyəsən, hə?A-a, yaxşı yadıma düşdü. Qamboy kişi yadındadı? Keçən ay kişini yola saldıq o dünyaya. Allah o dünyasını versin. Bir gün gələn bir gün gedir də. Neyləməli...Yaxşı, Salamat qal!”.Yox, bunu da göndərmədim. Axşam samovar qaynadanda kibrit vurdum bu məktuba. Göndərə bilmədim yenə. Kim bilir, indi çoxdandı məktub-zad da yazmıram deyə nə alıb-verir dalımca. Yəqin bibimin “Qızı yaxşı yerdən istəyirlər” sözündən sonra nigarançılığı da var. Amma heyif. Gərək yazdığımı göndərəydim. Eh... o birisinə də göndərmədim. Əsgəri bitirməyinə az qalıb. Gələr, üzünə deyərəm. İndi ürəyinə salar gədə.***Bir kilo düyü işlətdi Telli arvadın qonağı. Bəxtimi açdı bu gün. Deyir, bundan sonra qapımızı döyəcəklər. Ondanmış ki, adımı çəkib yaxın gələn olmur. Qırıldı tilsim...***“Əzizim, Mələk!Haralardasan? Mən yazmasam, yazmırsan a. Tərsliyimə salıb daha mən də yazmayacağam a deyəsən. Ay qız, elə bil buralardan getməmisən heç. Yoxsa qılınc qınından çıxıb qınını bəyənmir daha?!Xəbərin olsun ki, bizimki yaz aylarında bura gəlmək fikrindədir. Yəqin, məndən ötrü gəlir. Amma bir kəlmə də olsun yazıb eləmir. O birini də gözləyirəm –  yox deməyə dilim necə gələcək, bütün günü onu götür-qoy eləyirəm. Evdəkilər də gəlin hayındadırlar. Əsəd evlənir. Əvvəllər yenə arada-bərədə mən yada düşərdim, ərdən-zaddan söz salan olardı. İndi hamı dilini udub. Mənə söz çatanda ara qatılır.Hə, yeri düşmüşkən, Telli arvadın qonağı gəlmişdi. Bəxt açanmış. Mənimkini də açdı, bacı. Deyir, indən belə qapımız hələ çox döyüləcək. Deyir, sən də yaxşı-yaxşı götür-qoy elə. Minindən birini seç.Neysə daha... Uşaqları öp yerimə. De ki, bu yaz xalalarının toyuna gətirəcəksən onları.Gülə-gülə...”***Səhər duran kimi ilk işim Fərhad əminin kiçik oğlunu çağırtdırmaq olacaq. Məktubu konvertə qoyub yola salacağam. Sonra da Telli arvadın qonağının tapşırdığı otlardan dəmləyib evin o yan-bu yanına səpməliyəm.***Səhər yeməyi süfrədə idi. Əsədə çay süzürdüm. “Gedim-gəlim sonra yeyərəm” – deyəndə “Fərhadın oğlu özü gələcək. Axşam zəng edib “kənddən məktub var” – deyib – deyə qardaşım dilləndi. Ürəyim ovcuma düşdü. Samovarın kranı əlimdə qaldı. Birtəhər özümü ələ alıb, Əsədə baxdım. Suala döndüm.***“Hörmətli Səməd kişi və ailəsi!Sizi oğlum .....in toy məclisinə dəvət edirəm.Məclis 14 sentyabr 2007-ci il saat 17:00-da keçiriləcək.Ünvan: Sevinc xeyir evi.Hörmətlə: .....”***Mələk məktub almadı....ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM