Ermənilərin təxribatı nəticəsində daha bir mülki şəxs öldü

16:21 | 29.09.2020
Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Bu barədə anews.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər.
Bundan başqa, düşmənin mülki obyektləri atəşə tutması nəticəsində 65 yaşayış evi, 5 mülki obyekt yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Dərin kədər hissi ilə qeyd edirik ki, düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 29.09.2020-ci il tarixdə saat 13 radələrində Ağdam rayonu, Qaradağlı kəndində tibb məntəqəsinə düşmüş top mərmisinin qəlpələrindən kənd sakini 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu həlak olmuş, məntəqənin binası dağılmış, ərazidəki sakinlər təxliyyə edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma),186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilmişdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirilir.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM