Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Bildirilir ki, oktyabrın 11-də Almaniyanın Frankfurt-Mayn şəhərində Frankfurt Beynəlxalq Kitab Yarmarkası işə başlayıb. Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından və ölkəmizin nəşriyyat nümayəndələrindən ibarət heyət iştirak edir. Ölkəmizin stendində Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları ilə bağlı 380 adda 700-ə yaxın nəşr məhsulları alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərə təqdim olunur.
Məlumatda qeyd olunur ki, Frankfurt yarmarkasında iştirak edən Ermənistan tərəfi bu dəfə də öz xislətinə uyğun olaraq Azərbaycana qarşı təxribata əl atıb. Ermənistanın stendində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və digər işğal olunmuş ərazilərini qondarma "DQR” adı altında göstərən xəritələr yerləşdirilib. Amma bu çox çəkməyib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının səyləri sayəsində həmin xəritələr stenddən yığışdırılıb.
Sərginin açılış günündə həmçinin, bir sıra işgüzar görüşlər keçirilib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dövlət katibi Ömer Arısoy nümayəndə heyəti ilə birgə Azərbaycanın pavilyonunu ziyarət edib.
Sərginin ikinci günü - 12 oktyabrda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə milli pavilyonda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin elmi və mədəni layihələr rəhbəri Arzu Təbrizli açaraq mərkəzin fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonra Nizami irsinin tədqiqatçısı, uzun illərdən bəri Almaniyada yaşayan soydaşımız Sevil Fuks "XVIII-XXI əsrlərdə alman dilli Nizamişünasların elmi tədqiqatlarının nəticələri" mövzusunda məruzə ilə çıxış edib. S.Fuks on beş il ərzində apardığı tədqiqatlara əsaslanaraq Almaniyada hər zaman Nizami irsinə böyük marağın olduğunu və "Xəmsə”nin əcnəbi dillər arasında tam formada yalnız alman dilinə tərcümə olunduğunu vurğulayıb. Növbəti çıxışçı – Nizami qəzəllərinin alman dilinə tərcüməçisi Rozmari Kuperin böyük şair-mütəfəkkirin "Yeddi gözəl” poemasından tərcümə etdiyi "Fitnə” hekayəsini alman dilində iştirakçılar üçün oxuması tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Daha sonra AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin "Berlin Dövlət Kitabxanasında qorunan 21 ədəd "Xəmsə" poemalar toplusu, Drezden kitabxanasında qorunan "Kitabi-Dədə Qorqud” dastanı və 1751-1817-ci illərdə yaşamış görkəmli alman diplomatı və elm xadimi Henrix Fridirx fon Ditzin kolleksiyasında qorunan qədimi əlyazmalara çəkilmiş miniatür nümunələrinin tədqiqi" mövzusunda məruzəsi dinlənilib. Həmçinin qeyd olunan qədim əlyazmalarda yer alan miniatür sənət nümunələrinin fotoları tədbir iştirakçılarının diqqətinə təqdim olunub.
Tədbirdə "Mayns-Azərbaycan” Cəmiyyətinin sədri Başar Kömür, "Avropa Əməkdaşlıq Forumu”nun sədri Samirə Patzer-İsmayılova və digər qonaqlar iştirak ediblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !