Əsgərə məktub: “Pələng ruhu tülkü ruhuna dəyişilə bilməz”

17:00 | 28.12.2015
Əsgərə məktub: “Pələng ruhu tülkü ruhuna dəyişilə bilməz”

Əsgərə məktub: “Pələng ruhu tülkü ruhuna dəyişilə bilməz”

"Salam, əsgər! Necəsən? Bu məktubu sənə arxa cəbhədən yazıram. Biz adaşıq. Sənin də adın Orxandır, mənim də. Sən bu gün ön cəbhədə, səngərdəsən. Sən yaşda olanda mən də vətən qarşısında borcumu yerinə yetirmişəm. İndi mən Orxanı sən Orxan əvəz edir, inşallah, səni də bir gün başqa Orxan əvəz edəcək. Amma o vaxta qədər həm özünü, həm Vətəni, həm də arxa cəbhədəkiləri, zamanı gələndə səni əvəzləyəcək, indi məktəb partası arxasında oturanları qorumalısan.
 
Əsas ruh yüksəkliyi,  vətənpərvərlik hissidir.  Sayıqlığın, dəqiqliyin qədər vətənini sevmək, onun uğrunda ölümə belə hazır olmaq hissini unutmayasan.
 
Əziz adaşım! Vətənpərvərlik və döyüş - hərbiçilər üçün bunlardan üstün başqa nəsə ola bilməz. O gün Azərbaycan Hərb Tarixi Muzeyinə yolum düşmüşdü. Muzeyin rəhbəri polkovnil Əzizağa Qəni-zadə ilə həmsöhbət oldum. Keçənlərdən-ötənlərdən danışdıq. Onun hərb yolu Özbəkistan və Əfqanıstandan başlayıb, Bakı, Qazax, Qarabağın bütün bölgələrindən , keçməklə  Beyləqanda  bitib.
 
 
O, hərbi xidmətə Özbəkistanın Termez şəhərində leytenant rütbəsində, tağım komandiri vəzifəsində başlayıb və daha sonra Əfqanıstanda davam etdirib. Tarixdən bilərsən ki, ötən əsrin 80-cı illərində sovet qoşunları Əfqanıstanda müharibə aparıb və keçmiş sovet respublikası kimi Azərbaycanın da zabit və əsgərləri orada döyüşüb.
 
Əzizağa müəllim deyir ki, digər hərbçilər kimi Əfqanıstanda olmamasını özünə ar bilib. Döyüşlərdən gələn zabitlərlə görüşəndə özünü məyus hiss edərmiş. O, düşünürmüş ki, axı zabit olaraq niyə döyüşlərdə olmayım? Belə olan təqdirdə o, öz xahişi ilə ön cəbhəyə yollanıb, döyüşüb. Əzizağa müəllim özünü 23-24 yaşında həlak olmağa hazır hiss edib: "Həyatım haqda düşünmürdüm. Bizi spartalılar kimi öyrətmişdilər. Kommunist partiyasını tərifləmirəm, çox qəddar rejim idi. Amma həmin rejim bizi universal döyüşən maşın kimi hazırlamışdı. Əfqanıstana getdiyi ilk ayında döyüşdə həlak olan bir zabitə Əfqanıstanda  olmayan bir qrup zabitlər kinayə ilə deyirdilər ki, gedən kimi həlak olub. Heç kim "Allah rəhmət eləsin” demirdi. Çox həyəcan keçirirdim ki, birdən mən də tez ölərəm, yoldaşlarım mənə gülər. Ancaq 3 aydan sonra "Həə, indi həlak olsam mənə belə sözlər deməzlər” dedim”.
 
Bakıya baş leytenant rütbəsində dönən Əzizağa Qəni-zadə daha sonra Sovet ordusunun daha yüksək rütbəli vəzifələrinə təyin edilib. Onun həyatında xüsusi yer tutan vəzifələrdən biri də, keçdiyi döyüş yolları ilə yanaşı, Könüllü Hərbi Vətənpərvərlik İdman Cəmiyyətindəki sədr müavini vəzifəsi  olub. Çünki o, hərbi vətənpərvərlik işlərini görməyi çox sevib, bu istiqamətdə kadrlar, mütəxəssislər hazırlayıb. Əzizağa müəllimin sözlərinə görə, Sovet ordusunda Azərbaycanlı zabitlərin döyüş ruhu həmişə yüksək olub: " Biz, azərbaycanlı zabitlər həmişə başqa millətlərdən olan zabitlərdən peşəkarlığımıza görə, yaxşı mənada seçilirdik. Bizim ruhumuz heç vaxt dəyişməyib. Pələng həmişə pələngdir. Pələng ruhu tülkü ruhuna dəyişilə bilməz. Ruh insana bir dəfə və həmişəlik verilir”. 

 
 

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, Kəlbəcərin işğalı zamanı Azərbaycan hərbçilərinin qəhrəmanlığı və fədakərlığından da söz açıb. Qarabağ müharibəsi zamanı onu Xüsusi Təyinatlı Reyd Dəstəsinin komandiri vəzifəsindən sonra 701-ci briqadanın komandiri təyin ediblər. Çox çətin döyüşlərdən keçib. Torpaqlarımızın 20 faizinin işğalını ölkənin idarəolunmaz vəziyyətdə və yaradılmaqda olan ordumuzun bir mərkəzdən idarə olumaması ilə əlaqələndirən Əzizağa Qəni-zadə deyir ki, o zaman da döyüşcülərin ruhu, vətənpərvərlik hissi çox güclü idi.
 
Əziz adaşım, bu cür fədakar, özünü daima vətən yolunda savaşa həsr edən zabitlə söhbətdən çox qürur duydum. Bizim bu ruhda olan hərbiçilərimiz çoxdur. Bu məktubu sənə yazmaqda əsas məqsədim yüksək əhval-ruhiyyəli, vətənpərvər zabitlərimizi sənin kimi əsgərlərlə daha yaxından tanış etməkdir.
 
Adaş, sən, mən, biz bu torpağı göz bəbəyimiz kimi qorumasaq, yağılar torpaqlarımızdan heç vaxt çıxmayacaqlar. Ona görə də hər an ali baş komandanın əmrini gözləyib, torpaqlarımızı işğalçılardan azad etməyi düşünməliyik. Həmişə də fəxr etməliyik ki, biz AZƏRBAYCAN ordusunun əsgərləriyik.

Hörmətlə, Orxan Aslanlı"


Yazı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Əsgərə məktublar” adlı mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür