Geomaqnit qasırğası ilə bağlı növbəti - PROQNOZ

20:37 | 05.11.2015
Geomaqnit qasırğası ilə bağlı növbəti - PROQNOZ

Geomaqnit qasırğası ilə bağlı növbəti - PROQNOZ

"Noyabrın 2-də başlayan geomaqnit həyəcanlaşması ayın 3-də qasırğaya çevrilib. Noyabrın 4-də isə davam edən orta səviyyəli G1 sinifli (maksimum G5 olur – red.) qasırğa isə ayın 5-də səngiməyə başlayıb. Bütün bu proseslər geomaqnit qasırğasının olacağı proqnozunu növbəti dəfə doğrultdu”. 

Bu sözləri AzNews.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. O, bildirib ki, bu günlər ərzində əsas geomaqnit indekslərindən biri olan Kp indeksi 5-ə çatıb (maksimum 9 olur və adətən nadir hallarda baş verir – red.). Geomaqnit həyəcənlaşmasına və qasırğaya səbəb isə açıq maqnit qüvvə xətlərinə malik Günəşdəki növbəti tac dəliyindən (coronal hole) öz başlanğıcını götürən yüklü zərrəciklərdən ibarət plazma küləyi olub.

Direktor müavini həmçinin noyabrın 4-də Günəşdəki 2445 nömrəli aktiv regionda (AR) baş verən M-sinifli Günəş alışmasından sonra tac plazma kütləsinin atıldığını və zəif R1 sinifli radio sönməsi (radio blackout) müşahidə olunduğunu qeyd edib: "Hazırda Günəşin səthində 4 böyük aktiv region və 93 Günəş ləkəsi müşahidə olunur. 2443 nömrəli aktiv region çox böyük və geoeffektiv mövqeyə malik olduğundan (Günəşin görünən diskinin mərkəzində yerləşdiyindən), baş vermə ehtimalı 60% olan M-sinifli alışmalar baş verdiyi təqdirdə onların Yerə təsiri daha çox olacaq. Digər tərəfdən, planetlərarası maqnit sahəsi müvəqqəti olaraq cənub istiqamətini göstərir və Günəş küləyinin sürəti normadan bir az yüksəkdir (520 km/san). Bunların hər ikisi əlverişli olmayan faktlardır və zəif geomaqnit həyəcanlaşması bu gün də davam edəcək. Hazırda Kp-nin qiyməti 2-yə bərabərdir ki, bu da zəif həyəcanlaşmadır”. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM