"Həmrəylik halqası" qaz təşəbbüsünün arxasında nə durur? - TƏHLİL

13:55 | 26.04.2023

"Həmrəylik halqası" qaz təşəbbüsünün arxasında nə durur? - TƏHLİL

Aprelin 25-də Sofiyada Bolqarıstan (Bulqartransgaz), Rumıniya (Transgas), Macarıstan (FGSZ), Slovakiyanın (Eustream) qaz nəqli sistemlərinin operatorları  və SOCAR arasında "Həmrəylik Halqa"sı (STRING) qaz təşəbbüsü üzrə Anlaşma Memorandumunun imzalanıb. 

Tədbirdə Azərbaycan və Bolqarıstan prezidentləri iştirak edib və Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bu təşəbbüsü dəstəkləmək üçün iştirakçılara  video müraciət ünvanlayıb.

Aİ-dəki mənbələrin məlumatına görə, Şərqi və Mərkəzi Avropa ölkələrinin enerji resurslarının şaxələndirilməsinə və enerji təhlükəsizliyinə aid olan layihənin inkişafına təxminən 1-1,1 milyard avro ayrıla bilər, lakin detallar müzakirə olunacaq.

Xatırladaq ki, Azərbaycan Bolqarıstana 2021-ci ilin yanvarından qaz ixrac edir. 2022-ci ildən isə Bolqarıstana Azərbaycan qazı Cənub Qaz Dəhlizinin (CQD) Avropa hissəsi olan TAP-ı Yunanıstana birləşdirən yeni IGB interkonnektoru vasitəsilə çatdırılır. 

Bu kəmər şəbəkəsi vasitəsilə Bolqarıstan 2013-cü ildə Bakıda imzalanmış müqavilə əsasında ildə 1 milyard kubmetr qaz alacaq.

Aprelin 25-də Sofiyada bu Balkan dövlətinin başçısı SOCAR Trading-ə (SOCAR-ın törəmə müəssisəsi) Bolqarıstanda qaz satışı üçün lisenziyanın verilməsini elan etdi ki, bu da bu regionda qaz bazarını aktivləşdirəcək.

Həmçinin 2023-cü ildən Rumıniyanın Bolqarıstana gedən interkonnektor sistemi vasitəsilə Azərbaycan qazını almaq imkanı var.

Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada bildirib ki,  "bu ilin sonuna qədər bütün zəruri interkonnektorların mövcudluğu şərti ilə Azərbaycan  Macarıstan və Slovakiyayaa qaz nəqlinə başlamağı planlaşdırır (ildə 2 milyard kubmetr qaz ixrac ediləcək,  - red)".

SOCAR Albaniya hökuməti ilə də həmin ölkədə qazpaylayıcı sistemin yaradılması üçün danışıqlar aparır. Hələlik Albaniya SGC marşrutu üzrə yalnız tranzit ölkə kimi çıxış edir. 

"Biz qaz tədarükü coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracağıq. Biz Avropanın qaz bazarında mövcudluğumuzu genişləndirməyi planlaşdırırıq”, - deyə Azərbaycan Prezidenti bildirib.

O xatırladıb ki, 2023-cü ildə qaz ixracı (ümumilikdə Aİ, Türkiyə və Gürcüstana) 24,5 milyard kubmetr təşkil edəcək, bunun 11-12 milyard kubmetri Avropaya (bu, TAP-ın maksimal cari ötürmə gücüdür), 10,2 milyard kubmetri Türkiyəyə, qalanı isə  Gürcüstana nəql ediləcək. 

Məlumatlı mənbənin anews.az-a daxil olan məlumata görə, bütün CQD üzrə seqmentlərin hər birinin ötürmə qabiliyyətinin tədricən artırılması imkanları ilə bağlı araşdırmalar aparılır, lakin aydındır ki, 2023-cü ildə qazın Aİ-yə (TAP seqmenti) çatdırılması imkanları  cəmi 12 milyard kubmetrdən çox 

Macarıstanın xarici işlər naziri Peter Szijyarto-nun Sofiyada "gələn dəfə Türkiyəni (STRING layihəsində) görmək istərdik" açıqlaması maraq doğurur.

Bu tamamilə məntiqlidir, çünki Azərbaycan qazının əlavə həcmlərinin tranziti Türkiyə ərazisindən keçməlidir.

Maraqlıdır ki, Bolqarıstan 2023-cü ilin aprelindən Türkiyənin infrastrukturu vasitəsilə mayeləşdirilmiş təbii qaz almağa başlayıb (Bulgartransgaz cari il üçün Amerikanın Cheniere şirkəti ilə müqavilə bağlayıb, red), lakin o, həm də illik ehtiyacını nəzərə alaraq qazı başqa mənbələrdən də qaz almaq istəyir. Belə ki Bolqarıstanın qaza olan ehtiyacı 3 milyard kubmetr təşkil edir. 

Tamamilə "Qazprom”dan asılı olan Macarıstan AB-nin yardımını gözləmədən apreldə "Qazprom”la əlavə qaz tədarükü ilə bağlı danışıqlar apararaq özünü qazla təmin edib.

Rumıniya Qara dənizdəki qaz ehtiyatlarını işlətməyə başlayıb.

Eyni zamanda, bu ölkələr hesab edirlər ki, STRING layihəsi də tez bir zamanda işə salına bilər, çünki bunun üçün yeni bir infrastruktur qurmaq lazım deyil, yalnız əsası keçmiş Trans-Spor infrastrukturu olan mövcud infrastrukturun modernləşdirilməsi və genişləndirilməsi tələb olunacaq. 

Balkan Qaz Boru Kəmərinə ehtiyac var.

Məlumatlı mənbənin Anews.az-a verdiyi məlumata görə, STRING təşəbbüsündə iştirak edən ölkələrin ərazilərində mövcud olan interkonnektorlar artıq ildə 5 milyard kubmetrə qədər qaz nəql etmək iqtidarındadır və investisiya qoyuluşu ilə ötürücülük qabiliyyəti 19-20 milyard kub-a qədər arta bilər. 

Amma Azərbaycan ancaq təkbaşına bu layihələri  reallaşdıra bilməyəcək. Çünki eparalel olaraq, onun prioriteti olan CQC-nin genişləndirilməsi layihəsini həyata keçirir (Aİ 2027-ci ilə qədər TAP-ın ötürücülüyünü ildə 20 milyard kubmetrə çatdırmağı vəd edir,  - red).

Bu layihə Strandja qovşağında (Türkiyə-Bolqarıstan sərhədi) başladığı üçün Türkiyə də STRING təşəbbüsünə kömək edə bilər.

Bir çox analitiklər hesab edirlər ki, Türkiyə STRING layihəsini Rusiya qazının iştirakı ilə regional qaz qovşağının yaratmaq ideyası ilə bərabər reallaşdrmaq istəyəcək.

Aİ Rusiyanın "mavi yanacağından” asılılığı minimuma endirmək istəyir, lakin Türkiyə əsas tranzit ölkə olduğu üçün hamı bununla hesablaşmalı olacaq.

Bu baxımdan mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticələrini gözləməyə dəyər ki, bu seçkilərin nəticəsi bir çox dünya proseslərinin, o cümlədən yeni qaz təşəbbüslərinin inkişafını müəyyən edəcək.

Hazırda Rusiya Federasiyası ilə müharibə nəticəsində parçalanmış və Trans-Balkan qaz kəmərinin keçdiyi Ukrayna da Aİ-də yeni qaz kəmərlərinin  yaradılacağını gözləyir. 

Ötən gün Ukrayna rəhbərliyinin nümayəndələri Aİ-ni Rusiya Federasiyasından qaz axınının yalnız Ukrayna ərazisindən keçməsini təmin etməyə çağırıblar.

İndi Aİ-nin Rusiya qazının bir hissəsini "Türk axını” xətlərindən biri ilə almaq imkanı var.

Ukraynalı ekspert Sergey Makoqon sosial şəbəkələrdə Ukraynanın STRING təşəbbüsündə iştirak etməməsini Ukrayna Energetika Nazirliyinin "tam uğursuzluğu” adlandırıb.

"Rumıniya, Ukrayna və Moldova ilə boru kəməri əlaqəsi olan ölkələr "Həmrəylik halqası” təşəbbüsünə daxil edilməyib, çünki qazın Şərqə (Ukrayna və Moldovaya) deyil, Qərbə (Macarıstan və Slovakiyaya doğru) yönəldilməsi planlaşdırılır. Ancaq Türkiyə bu qovşaq üçün əsas mənbə kimi Rusiya Federasiyasından gələn qazı görür. Bu isə  Rusiya qazının Aİ-yə nüfuz etməsinə səbəb ola bilər ki, buna nəzarət etmək çətin olacaq. Hesab edirəm ki, Ukrayna Aİ-dəki tranzit maraqlarını bir kənara qoymalı, Aİ isə  Rusiya qazının olacağı layihələri maliyyələşdirməməlidir”, -  Makoqon bildirib.

Beləliklə, STRING təşəbbüsü Avropada böyük maraq doğurur və onun necə həyata keçiriləcəyini müşahidə etmək lazımdır.
 
İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Lada Yevqraşina

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb