İlham Əliyev Türkmənistan və Belarus prezidentləri ilə görüş keçirdi

19:25 | 12.06.2015
İlham Əliyev Türkmənistan və Belarus prezidentləri ilə görüş keçirdi

İlham Əliyev Türkmənistan və Belarus prezidentləri ilə görüş keçirdi

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəyə səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Prezident İlham Əliyev Türkmənistan dövlət başçısı ilə görüşdə deyib: 
 
 
 

- Hörmətli Qurbanqulu Məlikquliyeviç, Sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Şadıq ki, bizim üçün çox önəmli gündə qonağımızsınız. Bu, bir daha dostluğumuzu, qardaşlığımızı ifadə edir. Türkmənistan ilə Azərbaycan arasındakı əlaqələr məhz dostluq, qardaşlıq əsasında qurulub. Xalqlarımız da daim bir yerdə yaşamışlar, yaratmışlar, bir-birinə arxa-dayaq olmuşlar. Bu gün iki müstəqil dövlət kimi Türkmənistan və Azərbaycan uğurla inkişaf edir. Biz sizin uğurlarınızı məmnunluqla qeyd etmək istəyirik. Bu, bizi çox şad edir. Sizin rəhbərliyinizlə Türkmənistan inkişaf yolu ilə uğurla gedir. Əminəm ki, gələcəkdə bizim dostluğumuz, qardaşlığımız daha da möhkəmlənəcək. Sizin bu gün Bakıda olmağınız özlüyündə bir nümunədir, göstəricidir.

Bir daha Sizi ürəkdən salamlayıram. Xahiş edirəm ki, mənim ən xoş arzularımı qardaş türkmən xalqına çatdırasınız.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov "Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Türkmənistan Prezidenti birinci Avropa Oyunlarının çox əhəmiyyətli və vacib idman tədbiri olduğunu qeyd edib. İki ölkənin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə yüksək səviyyədə əməkdaşlıq etdiyini bildirən Türkmənistan dövlətinin başçısı ümumi tarix, dil və mənəvi dəyərlərin mövcudluğunun ikitərəfli əlaqələri daha da genişləndirməyə kömək etdiyini deyib. Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın bitərəfliyi ilə bağlı BMT-nin ikinci qətnaməsinin qəbul edildiyini deyərək Azərbaycanın bu sənədi dəstəkləyən ilk ölkələrdən olduğunu vurğulayıb. Türkmənistan dövlətinin başçısı bu ilin dekabrında ölkəsinin bitərəfliyinin 20 illiyi ilə bağlı keçiriləcək konfransa Azərbaycan Prezidentini dəvət edib.

Qurbanqulu Berdiməhəmmədov 2017-ci ildə Türkmənistanda qapalı məkanlarda döyüş növləri üzrə 5-ci Asiya Oyunlarının keçiriləcəyini diqqətə çatdırıb.

Azərbaycanın dövlət başçısı Belarusun prezidenti ilə görüşdə deyib: 

- Hörmətli Aleksandr Qriqoryeviç. Sizi yenidən görməyimə, bizim yeni görüşümüzə çox şadam. Biz çox tez-tez görüşürük – Bakıda da, Minskdə də, başqa yerlərdə də. Hər dəfə də ünsiyyətdə olmağa, fikir mübadiləsi aparmağa vaxt tapırıq. Bu görüşlər bizim münasibətlərimizə dinamizm əlavə edir. Belarus bizə dost, qardaş dövlətdir. Biz bu münasibətləri çox yüksək qiymətləndirir, qarşılıqlı siyasi əlaqələr, iqtisadi əməkdaşlıq məsələlərində nisbətən qısa müddətdə qazandığımız uğurlara görə fəxr edirik. Biz bütün istiqamətlərdə yalnız müsbət dinamika görürük.
 
 

Bizim münasibətlərimiz səmimi, etibarlı olması ilə fərqlənir. Bu münasibətlər bizim qarşıya qoyduğumuz vəzifələri müvəffəqiyyətlə gerçəkləşdirməyə yönəlib və tabeliyimizdə olanlar bu vəzifələrin öhdəsindən uğurla gəlirlər. Şadam ki, Siz birinci Avropa Oyunlarının açılış mərasiminə gəlməyə vaxt tapmısınız. Bu, həm Azərbaycan, həm də Avropa üçün əlamətdar hadisədir. Bilirəm ki, Belarus Oyunlarda güclü heyətlə təmsil olunub. Sizin komandanıza uğurlar və medallar arzulayıram. Azərbaycan və Belarus komandalarına birlikdə azarkeşlik edəcəyik.

Bir daha xoş gəlmisiniz.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko deyib:

-Sağ olun, İlham Heydər oğlu.

- Əvvələn, mən buraya gəlməyə bilməzdim. Çünki vaxtilə, hələ bu tədbirin keçiriləcəyi barədə düşünmədən ilk dəfə mən arzumu bildirmişdim ki, biz bu cür oyunlar keçirək. Axı Siz və mən həm də Olimpiya komitələrinin rəhbərləriyik. Asiyada, Afrikada, Latın Amerikasında bu cür idman tədbirləri keçirilir, Avropada isə bunu başa düşən yox idi. Ona görə, səmimi sözümdür, Sizi təbrik edirəm və Sizə qibtə edirəm. Əvvələn, ona görə ki, birinci Avropa Oyunları məhz Bakıda keçirilir. İkincisi, Sizi təbrik edirəm ki, Siz bu Oyunlara ən qısa müddətdə - cəmi iki il ərzində hazırlaşa bildiniz. Səmimi deyirəm, əgər Siz bundan əvvəl heç nə etməsəydiniz, bu, mümkün olmazdı. Lakin bu Avropa Oyunları Sizin bütün tədbirləri başa çatdırmağınıza təkan verdi. Bu sözlər Dənizkənarı bulvardan başlayaraq idman obyektlərinə qədər bütün işlərə aiddir. Ümumiyyətlə, çox böyük iş görülüb. Afərin! Biz bu işin görüləcəyinə şübhə etmirdik. Lakin hər şeyin bu qədər gözəl olması bizi, sadəcə olaraq, heyrətləndirdi. Mən bunu Sizə dünən də demişdim. Afərin! Bakı çox gözəl şəhərdir. Ən başlıcası, biz çoxlu obyektlərin tikildiyi çox şəhərlər tanıyırıq, lakin Sizin tikdiyiniz binaların bu dərəcədə düşünülmüş, şəraitə uyğunlaşdırılmış olması hörmətə layiqdir.

Buna görə Avropa Oyunlarına qədər gördüyünüz işlər münasibətilə Sizi bir daha təbrik etmək istəyirəm. Əminəm ki, Sizin idmançılar buna yüksək uğurlarla cavab verəcəklər. İnanın ki, hətta bizim qələbəyə ümid bəslədiyimiz bəzi idman növlərində bizə qalib gəlsəniz, buna görə qanımız qaralmayacaq. Çünki biz həqiqətən bir-birimizə yaxınıq və bizim münasibətlərin yaxşı təməli var.

Dəvət üçün bir daha sağ olun.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM