Tarix yaxşı müəllimdir,
pis şagirddir, deyirlər.”Versal sülh müqaviləsi” i
Dünya Müharibəsinin bütün günahlarını məğlubların üzərinə qoyarkən Almaniya
imperiyası qaliblərin hazırladığı və taleyinin masada həll olunduğu böyük təslimçilik
aktının imzalandığı salona buraxılmamışdı. Onun itirdiyi ərazi və əhali
hesabına ən azı 4 dövlət öz qazancını götürmüşdü: Fransa məşhur Elzas-Lotaringiyanı
qaytarmışdı, Polşa, Belçika, Danimarka da paylarını almışdılar, lakin 4 illik
cahan savaşının 16 milyona qədər insan qanının axıb töküldüyü sular-Reyn, Elba,
Oder, Visla da beynəlxalq çaylar elan olunmuşdu.
Görünür, imperiyaların
süqutundan sonrakı dünya düzəni arasında bir oxşarlıq, hətta təkrarlıq
qanunuyğunluqdur. Sovetlər Birliyinin çöküşü ilə meydana çıxan yeni müstəqil
dövlətlər də öz keçmişləri ilə üzülüşə
bilmirlər. Bəli, bolşeviklər partiyasının lideri Vladimir Leninin siyasi
dühası ilə qurulan İttifaqın qalıcı gücü onun iflasından sonra da kabus kimi
üzv dövlətləri izləyir.
Müasir Ukraynanın
Rusiyaya ilə 1954-cü ildən qalan Krım ətrafındakı qarşıdurması, Tacikistan, Qırğızıstan
və Qazaxıstanın Fərqanə vadisi-Sırdərya çayının üzərində otuz ildir hökm sürən
soyuq savaşı, Xəzərin statusu ətrafında
qonşu dövlətlər, o cümlədən SSRİ-yə daxil olmayan İranla ortaq nöqtələrin
axtarışı və nəhayət, tarixin bizə bəxş etdiyi böyük müharibələrin şahidinə,
yolayrıcısına çevrilən Araz çayının əzaları üstündə qurulan dayaqlar hər dəfə
bizi sovet keçmişimizə qaytarır.
1950-ci ildən başlayaraq, SSRİ-İran arasında
imzlanan sərhəd -demarkasiya razılaşmaları indi müstəqil dövlətə çevrilən Azərbacanı
da əhatə edir. Naxçıvandan Cəbrayıladək böyük bir zolaqda konfliktləri çözmək
üçün iki dövlət arasında ümumi dil tapılandan sonra Araz çayını birgə dostluq-əməkdaşlıq
simvoluna çevirməyi qərara alırlar. Axı
bir vaxtlar Ağa Məhəmməd Şah Qacarın Qarabağı tutmaq üçün İbrahimxəlil xan tərəfindən
dağıdılmış Xudafərin körpüsünü bərpa etməsi də eyni məqsədlərə xidmət edirdi. Qitələri
birləşdirən və Çindən başlayan Böyük İpək
yolunun gətirdiyi ticarəti, mədəniyyəti, bir sözlə, min kilometlərlərlə uzaqdakı
insanları, o cümlədən yaxın qonşuları bir-birinə bağlayan etibarlı qovşaqlardan
kim imtina edərdi ki?
Ardınca, 1962-ci ildə başlayıb on ilə başa çatan və
Horadizdən Mil-Muğan düzlərinə qədər quraq ərazilərə həyat verən növbəti layihə
vətəndaşlıq statusu qazanır. İndi öz istehsal gücünü bir milyard kubmetrə qədər
artıran həmin sututar yalnız təsərrüfat-iqtisadi məna daşımayıb, eləcə də
regionun əsas təhlükəsizlik arteriyalarından biridir. Müasir dövrdə ölkələr yalnız ballistik raketlər vasitəsilə qorunmur.
Lakin Sovetlər Birliyinin xəritədən silinməsi və
Ermənistanla Azərbaycan arasında başlanan 6 illik qanlı savaş İranın Xudafərin
üzərində başlatdığı, hələ də ölü nöqtədən tərpənməyən planlarının yarımçıq
qalması ilə nəticələnir. Diqqət edin, Qarabağda
silahlı əməliyyatların ən qaynar çağında Araz çayı növbəti dəfə hərbi teatrın əsas
səhnələrindən birinə çevrilir. Daxildə etnik azərbaycanlıların böyük təzyiqi
qarşısında qalan dini hakimiyyət müxtəlif humanitar və diplomatik təşəbbüsləri
işə salmağa məcbur olur.
Bununla belə,1992-ci ildə İran prezidentinin xüsusi
nümayəndəsi Mahmud Vaizinin iki dövlət rəhbəri - Yaqub Məmmədov və Levon ter
Petrosyanla apardığı danışıqlar, bütün kommunikasiya xətlərinin bərpasını vəd
edən sülh təşəbbüslərinin iflasa uğraması və sazişin mürəkkəbinin elə həmin gün
Şuşanın işğalı ilə birlikdə quruması münaqişənin həllini öz üzərinə götürən
beynəlxalq vasitəçilərin sırasından rəsmi Tehranın az qala birdəflik silinməsi
üçün zəmin yaratdı. Hər halda ötən 28 ilin təcrübəsi azərbaycanlıların ağrılı
yaddaşının silinmədiyini deməyə əsas verir.
Bununla belə, İran, Xudafərin
hövzəsini sərhəd kəndlərdə yaşayan ən azı 100 min insanının nəzərində bərq
vuran mayaka çevirməkdən vaz keçə bilməzdi. Onun az qala hərbi-strateji əhəmiyyəti
də öz-özünə formalaşırdı. Belə ki, əgər planlanan işi başa çatdıra bilsəydilər,
o halda regionüstü bir infrastruktur sahibi kimi Ermənistan və Azərbaycanla
sövdələşmələr üçün güclü bir resurs əldə edilirdi.
Lakin müharibənin kölgəsi ilə sürünən inşaat dəstələri
1994-cü ilin mayın 12-də Bakı ilə İrəvan arasında atəşkəs razılaşması imzalanandan
dərhal sonra, cəmisi 20 gün keçmiş 2 iyul tarixində Qafqazın siyasi patriarxı
Heydər Əliyevlə anlaşmaya nail olurlar. Doğrudur, xaos içərisində dövlətçiliyini
itirmək təhlükəsi ilə üz-üzə qalan bir dövlət üçün başqa alternativ təklif
düşünmək sadəcə cinayət olardı.
Məgər, o vaxtlar masa üzərinə qoyulan şərtləri öz süngüsü
ilə dağıdacaq ikinci bir qüvvə vardımı? Türkmənçay və Gülüstan müqavilələri
sırasına üçüncü dəfə bölünmə aktının əlavə edilməsi faktiki olaraq, reallaşma mərhələsindəydi. ABŞ-ın ölkəmizdə səfiri Stenli Eskudero o vaxt üzərində məxfi qrif
olan sənədi açaraq, Azərbaycanın bir neçə
dövlət arasında pay-püş planını ictimaiyyətə təqdim etmişdi. Həmin məşum
ssenariləri pozan siyasi qrossmeyestr Əliyev İranla dostluq sazişini həm də blokadada yaşayan Naxçıvanın qaz yanacağı almaq,
istilik problemini həll etmək şərtilə imzalamışdı. Yaxşı ki, əlyazmalar gerçəkdən
yanmır və istənilən antiazərbaycançı element onunla rahat tanış ola bilər.
Region uğrunda savaşı öz xeyrinə dəyişəndən sonra
iqtisadi və siyasi cəhətdən özünə gəlmiş rəsmi Bakı artıq yeni əsrdə daha əmin
davranmağa başlayır. Diqqət edin, zaman artıq 2001-ci ili göstərir. İndi səhnədə
zəif və i dünya müharibəsində bölünən Almaniya kimi hamıdan
yardım istəyən Bakı əvəzinə böyük bir
dövlətə qapını çırpıb gedən bölgəsəl güc meydandadır. Təhlükəsizliyini və milli
maraqlarını əlindən verməyən, amma işğal gerçəkliyi ilə əzilən bir tərəfə təbii
ki, hər cür aşağılayıcı təkliflər oluna bilərdi. İranın Energetika naziri Həbibulla
Bitərəf də öz məntiqi ilə doğru hərəkət
edirdi. O, Heydər Əliyevə belə demişdi: "Xudafərin su bəndinin inşası üçün İran və Ermənistan
siyasi rəhbərliyi arasında lazımi danışıqlar aparılmış və erməni tərəfi təhlükəsizliyə
zəmanəti öz öhdəsinə götürmüşdür. Biz işi başlamaq istəyirik”.
Bir vaxtlar SSRİ-nin rəhbərlərindən
biri kimi dünyanın yüzlərlə ağır diplomatik döyüşlərindən qalib çıxan Əliyev qətiyyən
imperiya ədasını yerə vurmadan belə cavab verir (Protokolu orijinalda olduğu
kimi saxlamağa borcluyuq): "Xudafərin
Ermənistan tərəfindən işğal olunmuşdur. Siz işi hansı tərəflə görəcəksiniz? Bu,
əsla mümkün deyil...Ermənistanla sülh müqaviləsi əldə olunmayınca və ərazilərin
işğalına son qoyulmamış Xudafərin su bəndinin tikintisindən söz gedə bilməz. Mən
bu işə əsla icazə vermirəm. Əslində, Siz bizim Azərbaycan torpağında Ermənistanla
əməkdaşlıq edəcəksiniz və bu, mümkün deyil". Razılaşın ki, burada
diplomatik nəzakət və yumşaqlıq faktiki olaraq təslimçiliyə bərabər olardı. Əliyevsə
təkcə ölkəsi və xalqı üçün deyil, eləcə də miqyaslı adına görə heç zaman məğlubiyyətlə
tarixdə qala bilməzdi.
Burada bir haşiyə çıxmaq yerinə düşər-tilsinlənmiş Xudafərin hidro-elektrik-körpü
triadası sonaçatmayan uvertüra kimi ildə bir bənd inşa edilərkən Azərbaycanın
dünya birliyini nə üçün onun üzərinə qaldırmadığına, eləcə də Ata Əliyevin
razılıq vermədiyi halda nədən yarım əsr sonra ona hazırkı dövlət rəhbərinin
xeyir-dua verdiyinə dair son həftənin şəbəkə tufanını qaldıranlar sanki Ulu öndərin
qətiyyətli mövqeyinin müdafiəçisi kimi görünürlər. Doğrusu, istənilən
siyasi mədəniyyət daşıycıları üçün bu normal davranış sayılardı. Lakin böyük
ideallardan və dövlətçilik məfkurəsindən uzaq olanlar üçün Heydər Əliyevin
portreti başlarından çox yüksəkdə-görünməz ucalıqda durduğuna görə onların belə fəndi tez oxunur.
Halbuki,
iki Əliyevi üz-üzə qoymaq sadəcə məntiqsiz görünür. Axı Həbibulla Bitərəf razılıq üçün Bakıya deyil, İrəvana getmişdi və ona
görə də tarixdə həmin qəzəblə üzünə çırpılan sillənin ünvanı olmuşdu.
Nəhayət, Azərbaycan yeni əsrin unikal sazişini məhz 2016-cı ilin fevralın 23-ü
tarixində-bir qədər rəmzi mənalı kişilər bayramında Tehran şəhərində üç dildə
imzalamağa razılıq verir. Lakin ona qədər İlham Əliyev onlarla diplomatik
raundu öz xeyrinə yekunlaşdırmağı bacararaq, tarixi aprel günlərinə yaxınlaşmağa
çalışır.
Əvvəlcə Hind okeanına qədər böyük diapazonda strateji obyektləri izləməyə imkan verən Qəbələ radiolakasiya nəzarət məntəqəsi tərəflərin birgə razılığı ilə tamam ləğv
edilir. Bir qədər iti nəzərli təhlilçilər hər yerdə baza saxlayan regional
və beynəlxalq derjavalar üçün "könüllü
imitina” qərarının necə formalaşdığını yaxşı bilirlər. Ardınca oğul Əliyev
Rusiya ilə iki yüz illik yumşaq desək, mübahisədən sonra 2009-cu ildə Medvedev Rusiyası ilə tarixi delimitasiya
aktını Cənubi Osetiya və Abxaziya atəşinin altında tanıtmağa nail olur. Bəli,
ordusuz, tanksız və topsuz qazanılan strateji yüksəkliklər şərq mentallığına,
onun impulsiv vətəndaşlarının ağlına yerləşmir. 90-cı illərdə rus ordusu ilə
toqquşdurulub əzilən və yalnız Qərbin platsdarmı kimi əldə vasitə olmağa
yarayan əbədi təyinatdan çıxmaq necə normal sayıla bilər?
Əliyev daha sonra Xaçmazın Kraxoba və Üryanoba kəndlərini
özünə qaytarır, səssiz bir şəkildə növbəti gərginlik ocağını məharətlə
söndürür, urapatriotlar və daim hərbi kazarma
rejimində yaşayan siyasi populistləri şimala doğru səngər qazmaq
şansından məhrum edir. Elə həmin entuziazm və gizli danışıqlar beynəlxalq
konfliktləri masa arxasında çözən məgik diplomatiyanın Qafqaz sıra dağlarının ətəyində
uğurla yekunlaşmasına səbəb olur, Samur
çayının Abşerona qədər uzanan kollektorlarını təntənəli şəkildə susuz çöllərə bəxş
edilməsi Azərbaycan prezidentinin siyasi sərkərdərlik gücünü sübut edir. Əlbəttə,
Dağıstan xalqlarının qardaşlığını da
Qafqaz müdrikliyinə xas bir şəkildə, onlarla humanitar aksiyalarla qoruyub
saxlamaq mümkün olur. Əliyev mübarizəni
demək olar təkbaşına qazanır və qələbəsini ümumxalq bayramına çevirmədən sakitcə
yoluna davam edir.
Nəhayət, illər sonra Xəzərin dünyaya çıxan ilk boru xətlərinin cığıraçan
statusunda beş dövlətin arasında ortaq məxrəcə gəlməsində "Əsrin müqaviləsi” də
əvəzsiz rol oynayır. Məgər , 94-cü ildə Kozırev və Qraçov neft sazişlərindən
sonra Bakını tutmaqla hədələmirdimi? Tehran
Xəzəri bərabər bölmək tələbindən nəhayət yan keçərək, heç olmasa dibinin və
resurslarının reestr aktını almağa sonda imza verir. Həmin günlər "xəyanət”
səslərinin İran küçələrini bürüdüyünü yaddan çıxarmamalıyıq.
İlham
Əliyev 2016-cı ili uğurla başlayarkən hansı qalaqurma taktikasına söykəndiyini indi aydın nəzərlə görənlər var. Əvvəlcə
Avropa Şurasında Sərsəng su anbarı ətrafında uzun illər aparılan mübarizə bəhrəsini
verir. Strasbuqrdan verilən xəbərə görə, 26 yanvar 2016- cı il tarixdə qəbul edilən qətnamədə
Qarabağın su təminatında əvəzsiz yeri olan bir hidroobyektin necə silaha çevrildiyi,
nəinki ekeloji, eləcə də hərbi təcavüz aləti olaraq yararlandıqları açıq əksini
tapır. Qərbdə belə diplomatik qələbənin rəsmi Bakı üçün yalnız siyasi mövqe sənədi
olaraq qalacağı inandırıcı görünmürdü. Əks halda, BMT qətnamələri kimi onun təsir gücü anındaca
sıfra enər, hətta təbliğat materialı kimi də əhəmiyyəti qalmazdı.
Əliyev daha sonra İranın uzun danışqlardan
sonra Xudafərin məchulunu çözmək üçün sərf
etdiyi 60 ilin çabalarına qəribə bir şəkildə müsbət mesajlar verir və onu
imzalamaq üçün naziri Tehrana yola salır. Adətən çətin gedən danışıqlar
sanki işğal faktı ortada yoxmuş kimi ən
üstün hüquqları Azərbaycanın əldə etməsi şəraitində diplomatik raundun uğurla
başa çatmasına imkan verir. Talış kəndi
və Ağdərə hərbi məntəqəsinin zirvəsində yerləşən Sərsəngdən sonra onunla 252 km-lik
bir qövsdə böyük bir təmas xətti Araz çayına qədər yeni təhlükəsizlik zolağının
yaradılacağından xəbər verir. Onda hələ kimsə növbəti erməni təxribatına
Əliyevin hansı cavab zərbəsi ilə reaksiya verəcəyini təxmin edə bilmir.
İranın ən yüksək səviyyədə
dini-siyasi rəhbərlərinin işğal faktını rəsmi
olaraq tanıyaraq bəyan etdikləri Azərbaycanın öz ərazilərini azad etməyə
qalxarkən mənəvi-siyasi və hüquqi üstünlüyün kimin tərəfində olduğunu deməyə
ehtiyac qalmır. Uzun illər Qarabağa nəfəslik açılacağını düşünən Xankəndi
rejimi üçün aprel müharibəsi ata-oğul əliyevlərin
vahid bir ideyadan geri çəkilmədiklərini gün üzünə çxarır. Məgər həmin günlər Ağdərə və Cəbrayıl bölgələri boyunca növbəti atəş qarşılığında keçilməz Ohanyan xəttini
bir saatın içində adlayan azərbaycanlı əskərlərin Sərsəng üzərində möhkəmlənməyə
çalışdıqlarını kim inkar edə bilər? Yəqin ki, heç kəs.
Lələtəpədən
görünən Xudafərin hədəfi orada özünə istehkam düzəldən oğulların növbəti həmləsinin
baş ünvanıdır.
Yaxşı deyək, antiiqtidar cəbhəsi rəsmi
tvləri izləmir, bəs buna sözləri nədir?
İkincisi,
Qəbələ RLS, Xəzərin statusu, Kraxoba və Üryanoba, Samurçay nümunələri, ən sonra
Keşikçidagda Əliyevin sərt xarakteri və diplomatik gücü gerçəkdənmi onun dövlətçilik
məfkurəsinin hansı ideallardan ibarət olduğunu görməyə imkan vermir?
Tarixi Rusiya imperiyası daha mövcud
olmadığından Xudafərin razılaşmaları ətrafında qaldırılan isterika , onun az
qala təslimçilik aktı kimi təqdim edilməsi və vahid Azərbaycanı simvolizə edən körpülərin hidroqovşaqlardan tökülən şəlalələrin
sərt zərbəsi ilə tamam dağılacağı haqqında ictimai fikrə "qəlb mühəndisləri”
tərəfindən ötürülən saxta xəbərlər koronavirus pandemiyasından daha az itki ilə
çıxan azərbaycanlılara yanlış bir gündəlik sırımaq üçündür. Şərq-Qərb nəşriyyatı
tərəfindən nəşr olunan "Azərdövlətlayihə” kitabının 93-cü səhifəsi tamam ayrı mətləbləri
ortaya qoyur. O vaxtlar ictimaiyyətin haqlı tələblərini nəzərə alan
konstruktorlarımız (diqqət edin-məhz milli layihəçilərimiz) indi virtual
meydanı Kərbəla düzünə çevirən şəbəkəçilərin bəhanəsinə əsas verməyib və
cizgi-planı yenidən işləyiblər. Buyurub tanış ola bilərsiniz: http://anl.az/el/p/pe_ait&iy.pdf
Səngər
qazılmalı yeri buraxıb 90-cı illərin
eyforiyası və şövqü ilə hərəkət edərək yenidən milləti sərhəd dirəklərinə
çırpıb əzmək olmaz. Halbuki müharibəni həm də iqtisadi relslər üzərində daşıyan Azərbaycan
lideri Şimal-Cənub layihəsini meydana gətirməklə
sizə sovet tikanlı məftilləri ilə ayrılan Təbrizdən istədiyiniz qədər vətən
qoxusu gətirə bilər. Gerçəkdən də polad magistrallarla möhkəmlənən iki ölkə-iki
qardaş xalqın yalnız siyasi bəyənatlarla uzağa gedə bilməyəciyini dərk etmək o
qədər çətin deyil. Rusiya və İranı həmin
dəmir yolları ilə birləşdirmək imperiya keçmişinə malik dövlətlərin iqtisadi
gücündən faydalanmaq deməkdir. Əvəzində Ermənistanın oxşar planları düz 20
ildir elə arzu olaraq qalır. İrəvana dəmirdən
yol çəkən tapılmır!
Ona görə də hidroqovşağın, iki su elektrik stansiyanın və iki
körpünün tikintisi ərazilərimizin azad olunmadan İranın çətiri və təhülkəsizliyi
altında bizə istehsal olunan elektrik enerjisindən birgə tam hüquqlu istifadə
imkanı verir. Müqaviləyə
görə yaradılan Texniki Heyət az qala hərbi mundirdə hər addımda ölkələrin
maraqlarını təmin etməyə öhdəlik götürüb. İndi üçrəngli bayrağı hələ ki, İranın
təhlükəsizlik çətiri altında Xudafərin üzərində asmaq qalır. Doğrudur, onu
qonşu ərazilərdən keçərək deyil, əsarətdə olan Cəbrəyıl torpaqlarını azad edəcək əsgərlərlə birlikdə qorumaq təkcə
hakmiyyətin deyil, hamımızın vəzifəsidir.
Bir də unutmaq olmaz ki, iki "Qız qalası” abidəmiz var-biri Xəzərin
sahilində, o birisi Cəbrayılın Xələfli qəsəbəsi, Diridağ ərazisində. Əfsanəyə
uyub özünqəsdə deyil, Araz çayına yetib "Qız qalası” üzərindəki elektrik çırağını
yandırmaq gərəkdir!
Diplomatiyanın getdiyi yolu ordular fəth etməlidir!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !