Parisdə fəaliyyət göstərən "ƏRK" Azərbaycan İnsan Haqları Cəmiyyəti İranın BMT-nin İnsan Haqları Sosial Forumunun rəhbər təyin olunması ilə əlaqədar bəyanat yayıb.
Sənəddə BMT İnsan Hüquqları Şurasının 2023-cü il üzrə rəhbəri üzv dövlətlərə məktub göndərdiyi bildirilib:
O, məktubunda noyabrın 2-3-də BMT İnsan Hüquqları Şurasının Sosial Forumunun Cenevrədəki mənzil-qərargahda keçiriləcəyini və tədbirə İranın BMT-nin Cenevrədəki Baş Qərargahındakı daimi nümayəndəsi, səfir Əli Bəhreynin rəhbərlik edəcəyini yazıb. İran nümayəndəsi BMT İnsan Hüquqları Şurasının Sosial Forumunun sədri təyin edilib. Bu tədbirdə postpandemiya dövrü də daxil olmaqla insan hüquqlarının qorunmasında texnologiyanın rolu araşdırılacaq. Bu məsələdə İslam Respublikası "rekord” vurub. İki gün əvvəl BMT İnsan Haqları Şurası İranda edam dalğasından dərin narahatlığını bildirib. Şuranın açıqlamasında bildirilir ki, bu il İran hökuməti orta hesabla hər həftə 10 nəfəri edam edib və bu rəqəmi "dəhşətli” adlandırıb. Şura İran hökumətindən dünyanın digər ölkələrində olduğu kimi, edamları dayandırmağı tələb edib”.
Bəyanatda vurğulanıb ki, İran dünyada öz xalqının insan haqlarını kobud və davamlı şəkildə pozmaqda ittiham olunan azsaylı ölkələrdəndir: "BMT İnsan Haqları Şurası bunun üçün xüsusi məruzəçi təyin edib. Bununla belə, İslam Respublikasının hakimiyyət orqanları xüsusi məruzəçinin İrana daxil olmasına icazə verməyiblər. "ƏRK” Azərbaycan İnsan Haqları Cəmiyyəti İran İslam Respublikası nümayəndəsinin BMT İnsan Haqları Şurasının Sosial Forumunun sədri vəzifəsinə namizədliyinin irəli sürülməsinə qarşı etirazını bəyan edir. Çünki İran bütün sahələrdə insan haqlarını, o cümlədən qeyri-fars millətlərin hüquqlarını pozur və Ümumdünya İnsan Haqları Xartiyasına əməl etmir. ƏRK cəmiyyəti digər hüquq müdafiəçiləri ilə birlikdə İranın İnsan Haqları Şurasının Sosial Forumuna sədrliyini ləğv etmək üçün bütün səylərini əsirgəməyəcək”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !