Mədəni zorakılıq planeti

18:31 | 18.09.2015
Mədəni zorakılıq planeti

Mədəni zorakılıq planeti

Aliyə İsmayılzadə

Yəqin, təkcə xəbər saytlarından və sosial şəbəkələrdən ümumiyyətlə uzaq adamlar daha yaxşı həyat üçün ailəsi ilə birgə Aralıq dənizini keçməyə çalışarkən dənizdə boğularaq ölən balaca suriyalı uşaq Aylan Kürdinin fotosunu görməyiblər. 

İşinə görə hər gün üç dildə saytlara baxmağa məcbur olan bir insan kimi məni həmkarlarımın sakit və sinik şəkildə bu dəhşətli faciə barəsində sensasiyalı xəbərlər yayması heyrətə gətirirdi. 

"Aylan Kürdinin göz yaşları”, "Aylan ölümdən bir neçə saat əvvəl”, "Mən nəfəs ala bilmirəm, ata, mən ölmək istəmirəm: Atası övladının həyatının son anlarından danışdı” üslubundakı başlıqlar normal insanda dəhşət və narazılıqdan başqa hiss doğura bilməz. 

Kiminsə şəxsi faciəsindən düzəldilən bu ucuz və qəlbsiz spekulyasiyalar, hər şeyi çılpaqlaşdırmaq, insanın ən intim və qorxulu narahatlıqlarını ortaya çıxarmaq, müharibə nəticəsində məhv olan insan həyatlarını, sonra isə doğmalarını itirənlərin həssas kədərini amansızlıqla sərgiləmək hansı arzudan doğur?

Bu məsələdə xüsusilə məşhur Britaniya nəşrlərinin əməkdaşları fəallıq göstərirdilər, onlar bədbəxt ailənin şəxsi fotosunu ortaya çıxarmışdılar, şəkildə ata əlində iki uşağını tutmuşdul, gənc ana isə digər uşağı əlində tutub kameraya tərəf gülümsəyirdi. 

Hətta bununla kifayətlənməyib başqalarını həyatına həyasızlıqla daha dərindən burnunu soxanlar vardı, reportyorlar hərbi əməliyyatlara qədər Kürdi ailəsinin yaşadığı evin dağıdılmış fotolarını ortaya çıxarmışdılar, onların qonşularıyla söhbət etmiş, hətta balaca Aylalının evdə qalmış oyuncaqlarının şəkillərini də paylaşmışdılar...

Estafeti digər nəşrlər, həmçinin bloggerlər və illustratorlar da davam etdirdilər. "Tvitter” və "Facebook” batan uşağın müxtəlif fonlarda təsvir edilmiş saysız-hesabsız təsvirləriylə doluydu. Kürdi ailəsinin faciəsiylə mənə elə gəlir təkcə tənbəllər məşğul olmadılar...

Xeyr, mən başa düşürəm ki, reytinq hər bir nəşrin əsas hərəkətverici qüvvəsidir, o, reklamdan asılıdır, öz növbəsində isə layihənin mövcud olması üçün jurnalistlərin maliyyəsinin də yaxşı olması lazımdır. Başa düşürəm ki, paylaşımların sayı  bloggerlərin populyarlığına və oxunaqlığına təsir edir. Ancaq hər halda sərhəd də olmalıdır, hüdudları kobudcasına aşmaq yolverilməzdir. İnsanların kədəri ilə, faciələri ilə manipulyasiya eləmək insanlığa sığmır axı. 

Və həm bu ilk dəfə deyil baş verir. Hər gün kompüterlərin və planşetlərin ekranlarına insanların dözülməz ağrıları, dəhşətli qətlləri, işgəncəyə məruz qalan heyvanlar barədə tonlarla informasiya çıxır. Bütün bu məlumatlar isə ürəkağrıdan fotolarla müşayiət olunur.

Bizim yerli mətbuat da son dövlər "sensasiya”lı şəkli, xəbəri kim birinci tapıb yayımlayacaq, yaxud kim birinci müsahibə alacaq deyə (məsələn, keçmiş ərin bıçaqladığı qadının qonşularından) yarışa giriblər... Sonra isə biz axşam ailəmizlə yemək süfrəsi arxasında oturanda hansısa Gülbahar xanımın gözüyaşlı danışdığı hekayəsinə qulaq asırıq, o, saxta gözyaşlarıyla belə bir hadisənin olacağını əvvəlcədən hiss etdiyini danışır və mərhumənin necə yaxşı insan olmasını təsvir edir. Belə reportajlar adətən üərkağrıdan mahnılarla və mərhuməylə qatilinin şəkilləriylə müşayiət olunur.  

Bəli, elə mövzular var ki, o barədə susmaq olmaz, ancaq jurnalistika etikası adlı bir şey də var axı. Faktların göstərilməsi başqa şeydir, daha çox oxucu qazanmaq üçün baş verən hadisənin təfərrüatlarının tirajlanması isə tamam başqa şey. 

Artıq belə çəkilişlərin və təsvirlərin yayılması insanlarda hiss yaratmır. Müntəzəm surətdə, tədricən, illər boyu göstərilən belə materiallara insanlar öyrəşməyə başlayırlar, bunları olması gərəkən bir şey kimi qəbul etməyə başlayıblar. Qəddarlıq, xəstəlik və ölüm bizimçün adi şeylərə çevrilib və bunun nəticəsində biz son dövrlər həmkarımız Rasim Əliyevin qəddarcasına öldürülməsi kimi hadisələrlə üzləşirik. Bu onu göstərir ki, cəmiyyətimizdə insan həyatı necə ucuz tutulur. 

Və nə qədər qəribə olsa da, bu işdə elə jurnalistlərin də "əməyi” az deyil...


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM