Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət”) sədri Ülvi Mehdiyev bu gün agentliyin binasında media rəhbərləri ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə yardım məqsədilə yaradılmış "YAŞAT” fondunun fəaliyyəti, qarşıda duran vəzifələr barəsində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – "YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb.
Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
Həmçinin Fond Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunub.
"YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.
"ASAN xidmət”in bütün rayonlar üzrə ayrılmış qrupları tərəfindən şəhid ailələrinə dair müvafiq məlumatlar tam toplanıb. Vətən müharibəsində yaralananlarla bağlı müraciətlər isə elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir.
Qeydiyyat zamanı yaranan çətinlikləri aradan qaldırmaq, suallara aydınlıq gətirmək məqsədi ilə Fondun 8110 "Çağrı” Mərkəzi fəaliyyət göstərir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !