Minskdə MDB sammiti: Ermənistanın yerinə İŞİD...

09:25 | 08.10.2014
Minskdə MDB sammiti: Ermənistanın yerinə İŞİD...

Minskdə MDB sammiti: Ermənistanın yerinə İŞİD...

Ermənistanın Gömrük və Avrasiya İttifaqına üzvlüyü növbəti dəfə baş tutmaya bilər; “İslam dövləti” təhlükəsinin müzakirə ediləcəyi toplantıda Azərbaycanı kim təmsil edəcək? 

ANN.Az Musavat.com-a istinadən xəbər verir ki, Oktyabrın 10-da  Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. İclasın gündəliyində təhlükəsizlik, humanitar və digər sahələrdə dövlətlərarası əməkdaşlığın gələcək inkişafına istiqamətlənmiş 17 sənəd layihəsi yer alır. 

 Oktyabrın 9-da isə Belarus Milli Kitabxanasında MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. İclasa Belarusun xarici işlər naziri Vladimir Makey rəhbərlik edəcək. MDB xarici siyasət idarələrinin rəhbərləri MDB Dövlət Başçıları Şurasının iclasının gündəliyinə çıxarılacaq sənədləri müzakirə edəcəklər. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev  ayın əvvəlində Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin ikinci görüşündə bildirib ki, Minskdə MDB ölkələrinin sammitində beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq. Əsasən də MDB ölkələrinin təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlığa diqqət ediləcək. Sammitdə müzakirə olunacaq məsələlər arasında İŞİD təhlükəsi ilə bağlı MDB dövlət başçılarının mövqelərinin açıqlanmasında var.

***

Bu sammitdə Azərbaycan üçün ən maraqlı məsələ Ermənistanın  Avrasiya İttifaqına üzvlüyünün nəhayət baş verəcəyinin gözlənilməsidir. Hələ bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Ermənistanın üzvlüyünə dair qərar Minskdə veriləcək. Lakin bu yaxınlarda məlum olub ki, Qazaxıstan hələ Ermənistanın ittifaqa üzvlüyünə dair rəsmi mövqeyini formalaşdırmayıb və oktyabrın 10-da prezident Nazarbayev Minskdə bu məsələyə dair qərar verməyə hazır deyil. Bu da  o deməkdirki, Ermənistanın Gömrük İttifaqına və Avrasiya İttifaqına üzvlüyünün növbəti dəfə baş tutmaya da bilər.  

Maraqlıdır ki, bu sammit ərəfəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov  Belarusa səfər edib. İddialara görə, bu səfərin  Avrasiya İqtisadi İttifaqının Minskdə oktyabrın 10-da keçiriləcək toplantısı ərəfəsində baş tutması təsadüf deyil. Bu, rəsmi Bakının Ermənistanın Avrasiya İttifaqına üzvlüyü məsələsində Azərbaycanın milli maraqlarını qorumağa yönəlmiş diplomatik gedişlərindən biri kimi dəyərləndirilir.  

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarusa rəsmi səfəri çərçivəsində ölkənin xarici işlər naziri Vladimir Makey ilə də görüşüb.

Virtualaz.org-un XİN-in mətbuat xidmətinə istinadən məlumatına görə, görüşdə ölkələrimiz arasındakı səmimi dostluq münasibətləri əsasında dinamik surətdə inkişaf edən ikitərəfli siyasi-iqtisadi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Görüşdən sonra Elmar Məmmədyarov və Vladimir Makey birgə mətbuat konfransı keçiriblər.

“Belarus 24" telekanalının məlumatına görə, Vladimir Makey bildirib ki, Minsk və Bakı arasında münasibətlər strateji xarakter alıb və nazirlər Azərbaycan prezidenti İlham Əliyevin gələn il Belarusa səfərinin təşkili imkanlarını müzakirə ediblər.

Belarusun xarici işlər nazirinin açıqlamasından isə belə çıxır ki, İlham Əliyev bu tədbirə getməyəcək.

Qeyd edək ki, Elmar Məmmədyarov bu ölkənin prezidenti Aleksandr Lukaşenko ilə də görüşüb.

Görüşdə Belarusla Azərbaycan arasında qarşılıqlı ticarətin bütün mümkün yollarla artırılmasının vacibliyi haqda danışılıb. “Bizim 300 milyon dollar, hətta 500 milyon dollarlıq mal dövriyyəsinə malik olmağımız? Bu haqda danışmaq belə ayıbdır” deyə, Lukaşenko bildirib.

“Biz Azərbaycanı bir çox malların istehsalı üçün dayaq bazasına çevirməli, bu ərazidə birgə istehsal edilən məhsulu regiona satmalıyıq” deyə, Belarus prezidenti əlavə edib. Lukaşenkonun sözlərinə görə, bu, həm də ona görə vacibdir ki, Azərbaycan şirkətləri həmişə belə layihələri maliyyələşdirir: “Bu, böyük işdir. Harasa getmək, kredit xahiş etmək lazım gəlmir. Bu, belə layihələri maliyyələşdirən banklara da sərfəlidir, xüsusən də istehsalçılara sərfəlidir”.

Belarus prezidenti bildirib ki, iki ölkə arasında bütün istiqamətlərdə əməkdaşlıq inkişaf edir. Onun sözlərinə görə, Belarusla Azərbaycan arasında qapalı mövzu yoxdur. “Biz heç vaxt kiməsə qarşı dostluq və ya əməkdaşlığı qarşıya məqsəd qoymamışıq. Əgər bizim münasibətlərimizi iki sözlə xarakterizə etsək, o zaman demək olar ki, Allah hamıya belə münasibətlər qismət etsin” deyə, Lukaşenko əlavə edib.

Belarus prezidenti qeyd edib ki, onun Azərbaycan prezidenti ilə gözəl şəxsi münasibətləri var: “Bu münasibətlər dostluqdan da ötədir, biz bir-birimizə tamamilə etibar edirik. Və bu şəxs münasibətlər dövlətlərarası səviyyəyə keçirilib, bizim çox gözəl dövlətlərarası münasibətlərimiz mövcuddur”.

 Lukaşenko qeyd edib ki, Belarus xalqı ona edilən yaxşılığı heç vaxt unutmur: “Siz heç vaxt bizi darda qoymamısınız, çətin vaxtlarda həmişə bizə dəstək vermisiniz və kömək etmisiniz. Biz bunu yadda saxlayırıq. Ona görə də kiminsə bizim Azərbaycanla çox sıx münasibətlərimiz barədə sualı varsa, cavabı budur ki, başqa cür ola bilməz. Bütün imkanlarımız çərçivəsində və xaricində biz də Azərbaycanı dəstəkləyirik və bundan sonra da belə edəcəyik”.

Azərbaycan XİN rəhbəri isə qeyd edib ki, ikitərəfli münasibətlər haqda bu qiymətləndirmələrə tamamilə şərikdir: “Biz da ona çalışırıq ki, mal dövriyyəsini artıraq. Çünki siyasi baxımdan bizim beynəlxalq tematikanın bütün məsələlərinə dair mövqelərimiz üst-üstə düşür”.

***

Azərbaycanın dövlət başçısının Minskə gedib-getməyəcəyi barədə rəsmi məlumat hələ ki yoxdur. Güman ki, bayram tətilindən sonra, yəni bu gün məsələyə aydınlıq gələcək. Dünyanın gündəmində olan İŞİD-lə bağlı məsələnin müzakirə ediləcəyi bir toplantında Azərbaycanın yüksək səviyyədə təmsilçiliyi vacibdir, bunu rəsmi Bakı da yaxşı anlayır. Çünki İŞİD-in Azərbaycana ciddi təhlükə törədəcəyi, hətta hakimiyyəti dəyişə biləcəyi barədə son vaxtlar bir neçə sensasion xəbərdarlıq yayılıb. 

Azərbaycana  İŞİD təhlükəsi ilə bağlı ABŞ kəşfiyyatına yaxınlığı ilə tanın “Stratfor” beyin mərkəzi də xəbərdarlıq etmişdi. “Stratfor”un hesabatında deyilirdi ki, Azərbaycanın müsəlman əhalisi arasında da radikal dini qruplara meyli olanlar var  və bu, gələcəkdə Bakının başağrısına çevriləcək: “İŞİD-in xilafət elanı indiyə qədər ”öz yuvalarında gizlənən" cihada meylli insanları ruhlandırır. “Onlar ”yuvalarından" çıxa və eyni şeyi öz ölkələrində də istəyə bilərlər. Bu isə potensial təhlükə deməkdir".  Onu da yada salaq ki, İŞİD-in  ələ keçirdiyi və şəriət qanunlarını tətbiq edəcəyi ölkələrin “xəyali xəritəsində” Azərbaycan ərazisi də var. Yeri gəlmişkən, oktyabrın 6-da Rusiya prezidenti Vladimir Putin də Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərini toplayaraq İŞİD terror qruplaşması ilə bağlı müzakirə aparıb. 

Bu səbəblərdən Ermənistanın Gömrük İttifaqına qoşulacağı ilə bağlı məsələ ertələndiyi üçün çox güman ki, prezident bu sammitə qatılacaq. Qeyd edək ki, Ermənistanın özündə də bu ittifaqa qoşulmağın ciddi əleyhdarları var.  Belə ki,  Ermənistan parlamentində təmsil olunan üç müxalifət partiyası - “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və "İrs" oktyabrın 10-da etiraz aksiyası keçirməyi planlaşdırırlar. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb