Ömürdən xoş bir gün - FOTOLAR

12:30 | 10.03.2015
Ömürdən xoş bir gün - FOTOLAR

Ömürdən xoş bir gün - FOTOLAR


Tanrı insan oğlunu bəzən ən ağır sınaqlara çəkə bilir. Amma bu  sınaqlarla yanaşı həm də ona dözüm və səbr də verir. Belə olmasaydı aldığı zərbələrə necə dözə bilərdi insan oğlu? Onlar da hansısa mənada tanrının yazdığı əzablı ömür sürənlərdəndilər desək yəqin ki, yanılmarıq. Söhbət fiziki cəhətdən qüsurlu olan ahıllardan gedir. Üstəgəl bir də onlara pansionatın yaşlı sakinləri deyirlərsə, demək onların ən xarda qayğıya belə ehtiyacları böyükdü. Kiçicik diqqət, bircə xoş söz, bircə mehriban baxış belə onlara günlərlə, bəlkə də aylarla bəs edə bilər...

Bilgəhdəki Müharibə və Əmək Əlilləri Pansionatının sakinləri bu günlərdə onlara göstərilən diqqət və qayğını yəqin ki, uzun müddət xatırlayacaqlar. Uzman doktor Vüqar Ələkbərovun təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə pansionat sakinlərinin tibbi müayinədən keçirilməsi onlar üçün 8 mart bayramı ərəfəsində böyük hədiyyə oldu. Pansionatın 90 nəfər qadın, 85 nəfər kişi sakini yüksək ixtisaslı həkimlər tərəfindən  oftolmoloji, kardioloji və terapevtik müayinələrdən keçdilər.

Onların hər birinə dəqiq dizqnozlar qoyuldu, gərəkli məsləhətlər verildi. Həmçinin tibbi sığortası olan bir neçə nəfər ödənişsiz əməliyyat üçün klinikalara dəvət olundular. "Dövlətimizin vəsaiti hesabına xaricdə yüksək ixtisaslı həkim peşəsinə yiyələnmiş hər kəsin mənəvi borcudur ki, öz soydaşlarına köməyini əsirgəməsin. Biz də başladığımız bu humanist aksiyanın davamı kimi ilin sonunadək təkcə paytaxtda deyil, ucqar rayon və kəndlərimizdə də təmənnasız anoloji müayinə tədbirləri keçirməyi planlaşdırmışıq” deyən doktor Vüqar Ələkbərov pansionat sakinlərinə tanrıdan can sağlığı arzuladı.

Tədbirin təşkilatçıları müayinə prosesini başa vurduqdan sonra pansionatın qadın sakinlərinə müxtəlif hədiyyələr də bağışladılar. Ardınca isə pansionat sakinləri bayram süfrəsi arxasında əyləşərək həm də sevilən musiqiçilərin ifalarını da dinlədilər.

Beləcə hər biri hansısa səbəbdən əlil olan pansionat sakinləri bir neçə saatlıq da olsa qayğı selinə qərq oldular, ağrılarını unudub yəqin ki, ömürlərinin ən gözəl günlərini xatırladılar. Axı xatirə özü də bir ömür deməkdi...

ANN.Az
 








      

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM