Neftin qiymət artımı uzunmüddətli olacaqmı? - AÇIQLAMA

13:42 | 21.04.2016
Neftin qiymət artımı uzunmüddətli olacaqmı? - AÇIQLAMA

Neftin qiymət artımı uzunmüddətli olacaqmı? - AÇIQLAMA

"Doha sammitindən sonra 5 faiz dəyər itirən "qara qızıl” növbəti 2 iş gündə mövqeyini bərpa edə bilib", - bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

ANN.Az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov Doha sammitindən sonra neftin qiymətinin artmasını və bu artımın uzunmüddətli olub-olmayacağını şərh edib.

Vüqar Bayramov neftin dünya bazarında qiymətinin yenidən yüksəlməyə başladığını bildirib: "Artıq Brent markalı neftin hər bareli birjalarda 46 dollara təklif edilir. Doha sammitindən sonra 5 faiz dəyər itirən "qara qızıl” növbəti 2 iş gündə mövqeyyini bərpa edə bilib. Qiymət artımının səbəbi nədir və bu nə qədər uzun müddətlidir? Bu həftənin çərşənbə axşamı neftin qiymətinin yüksəlməsi Küveytdə neft sənayesi işçilərinin tətili ilə bağlı idi. Belə ki, tətil nəticəsində mart ayında gündəlik 2.8 milyon barel neft hasil edən sözügedən ölkənin istehsalı 1.5 milyon barelə qədər azaldı. Eyni zamanda, gündəlik istehsal texniki səbəblərdən Veneseulada 200 min barel, boru xəttində baş verən yanğına görə isə Nigeriyada 400 min barel azalıb".

Ekspert həmçinin hasilatın azalmasının OPEK-ə üzv olmayan ölkələrdə də müşahidə edilməkdə olduğunu vurğuladı: "Belə ki, son iki ildə ABŞ, Kanada və Latın Amerikası ölkələrində neft sektoruna sərmayə 40 faiz aşağı düşüb. Bu isə hasilata birbaşa təsir göstərməkdədir. Beynəlxalq Enerji Akademiyasının proqnozlarına əsasən OPEK-ə üzv olmayan ölkələrin gündəlik neft ixracatı 700 min barel aşağı düşəcək. Bu haqda "Reuters" agentliyi məlumat yayıb".

Qiymət artımları uzun müddətlidirmi?
 
 

Ekspertin sözlərinə görə, Beynəlxalq Enerji Akademiyası eyni zamanda Çin də daxil olmaqla bir sıra ölkələrdə neftə tələbin azalmasına da diqqəti çəkir: "Eyni zamanda, Rusiya neft hasilatını gündəlik 12 milyon barelə çatdıracağını bildirib. İran isə sanksiyalardan öncəki gündəlik 4 milyon bareli hədəfləyir. Buna görə də, hələlik təklifin tələbi ən azı gündəlik 1 milyon barel üstələcəyi gözlənilir. Amma qiymətə ABŞ-da hasilatın birbaşa təsir göstərəcəyi proqnozlaşdırılır. Əgər Birləşmiş Ştatlar hasilatdakı azalmaları optimlaşdırarsa, o zaman qiymət artımları müvəqqəti xarakter daşıya bilər. Eyni zamanda, neftin dünya bazar qiymətinin hər bareli 60 dollaradək yüksələrsə, o zaman ABŞ-da şist neftinin hasilatı üçün geniş imkanlar yaranır. Bu isə OPEK ölkələrinin xüsusən də Səduyyə Ərəbistanın maraqlarına uyğun deyil. Bu baxımdan, əksər beynəxalq agentliklər neftin dünya bazar qiymətində kəskin artımını proqnozlaşdırmırlar. Amma neftin bazarı siyasiləşdiyi üçün istənilən sürpriz gözləniləndir".

"Neftin dünya bazarında qiymətinin yüksəlməsi, "qara qızılın” ixracatdakı payının hələ də 85 faiz olduğu Azərbaycanda ölkəyə daxil olan valyutanın həcminin artması baxımından vacibdir. Amma müvəqqəti qiymət artımları islahatlar paketinə heç bir halda təsir göstərməməlidir. Son iki ilin təcrübəsi göstərir ki, istənilən zaman neftin qiyməti öz trayektoriyasını dəyişə bilər". - deyə V.Bayramov bildirib.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM