Manatın tam üzən məzənnəyə keçidi mümkün deyil - EKSPERT

16:57 | 19.01.2017
Manatın tam üzən məzənnəyə keçidi mümkün deyil - EKSPERT

Manatın tam üzən məzənnəyə keçidi mümkün deyil - EKSPERT

"Manatın tam üzən məzənnəyə keçməsi və bu keçidin sakit baş verməsi müsbət haldır. Əgər məzənnə doğrudan da tələb-təklif əsasında formalaşsaydı və təklif dövlətin valyuta ehtiyatları hesabına təmin edilməsəydi". 

ANN.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Aftandil Babayevin üzən məzənnə rejiminə adaptasiyanın sakit getdiyi ilə bağlı mətbuata verdiyi açıqlamanı şərh edərkən deyib. 

Ekspertin sözlərinə görə, Azərbaycanda manatın tam üzən məzənnə rejiminə keçidi əvvəla, mümkün, ikinci arzuolunan, üçüncü dayanıqlı deyil:

"Ona görə mümkün deyil ki, tam üzən məzənnəyə keçid manatın real bazar dəyəri alması deməkdir. Bu, kəskin devalvasiya vasitəsilə mümkündür. Hökumət bu problemi Neft Fondundan Mərkəzi Banka ayırdığı 7,5 milyard manat hesabına həll etməyə çalışır. Neft kəskin ucuzlaşmasa, ölkədə iqtisadi-siyasi gərginlik olmasa, manat 2017-ci ili ciddi fəsadlar olmadan başa vura biləcək.
 
Ona görə arzuolunan deyil ki, iqtisadiyyatımız diversifikasiya olunmayıb və ölkəyə valyuta demək olar, bir kanalla daxil olur. Həmin kanalın dolları buraxılışı gücünə əsasən, manatın məzənnəsi dəyişir. Bu isə məzənnədə kəskin rəqslərə səbəb ola bilər.
 
Ona görə dayanıqlı deyil ki, Neft Fondunun vəsaiti bitəndən sonra manatı hansı vəsait hesabına saxlanılması sual olaraq qalır".

"Manatın tam üzən məzənnəyə keçdiyini iddia və vacib hesab edənlərə sual vermək istəyirəm: 2018-ci ildə Neft Fondu Mərkəzi Banka makroiqtisadi sabitlik üçün pul ayırmasa, nə baş verəcək? Bu gün tam üzdüyü iddia edilən manat gələn il sabit qala biləcəkmi? Və yaxud Neft Fondu daha neçə il öz aktivlərini makroiqtisadi sabitliyinə qurban verəcək? Yenə neftin bahalaşmasına ümid etməliyikmi? Möcüzə baş versə və neft bahalaşsa, bu halda manat üzəcəkmi?
 
Suallar çox, cavablar isə tam yoxdur. Sədr müavini Rusiya və Qazaxıstanla müqayisə edərək, manatın tam üzən məzənnə rejiminə keçidin daha yumşaq olduğunu bildirib. Bu ölkələr müqayisə üçün uğurlu olsalar da, müqayisə dövrü uğurlu deyil. Rusiya 2014-cü ilin noyabrında, Qazaxıstan 2015-ci ilin avqustunda üzən məzənnəyə keçib. Hər iki ölkədə keçid milli valyutanın kəskin ucuzlaşması ilə müşahidə edilib. Bu fikir doğrudur. Doğru olmayan zaman və mühitdir. Çünki Azərbaycan Rusiya və Qazaxıstan kimi 2014-2015-ci ildə tam üzən məzənnəyə keçsəydi, bu halda ucuzlaşma Aftandil Babayevin dediyi kimi, bir gündə 0,7% yox, bundan bəlkə də 500 dəfə çox olardı. Unutmayaq ki, 2015-ci ildə manat dəyərini 2 dəfə, 2016-cı ildə isə 13-14% itirib. Rusiya üzən məzənnəyə keçdikdən sonra valyuta ehtiyatlarını rublu qorumaq üçün xərcləmir. Qazaxıstan isə əhəmiyyətli dərəcədə azaldıb. Azərbaycan isə 2 ildə Mərkəzi Bankın 11 milyard dolları xərclədikdən sonra Neft Fondunun vəsaitlərini işə salıb. Adı da olur ki, manatın məzənnəsini bazar tənzimləyir. Neft Fondunun vəsaitlərinə ümid olub marjanı ləğv etmək də səhv addımdır. Biz dövlət büdcəsini Neft Fondunun vəsaitlərindən xilas etmək istəyirdik, sonda ümumilikdə ölkəni bu vəsaitlərdən asılı vəziyyətə saldıq. Acı da olsa deməliyik ki, hökumət əksdollarlaşma prosesinə başlamasa manatı çətin günlər gözləyəcək", - deyə S.Əliyev əlavə edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb