Elektron ticarət beynəlxalq ticarətin tərkib hissəsidir. Bu ticarətin təşkili və həyata keçirilməsi ABŞ-ın müvafiq qanunları ilə tənzimlənir. Həmin qanunlar əsasında dünya dövlətləri ölkədaxili qaydalarla elektron ticarət qaydalarını və bu ticarətdən istifadə edən şəxslərin hüquq və vəzifələrini təyin edirlər.
Mövzu barədə Oxu.Az-a danışan vəkil Abbas Atakişiyev xatırladıb ki, Azərbaycanda elektron ticarətin tənzimlənməsi ilə bağlı qanun qəbul edilib:"Ölkədə elektron ticarət qaydaları və bu qaydaların pozulmasına görə məsuliyyəti müəyyən edən qanun qəbul edilib. 10 may 2005-ci il tarixli "Elektron ticarət haqqında" qanuna əsasən, elektron ticarətin təşkili, həyata keçirilməsi, qanunvericiliyin şərtləri və bu şərtlər pozulduğu halda sahibkarın daşıdığı məsuliyyət müəyyən edilib. Yəni onlayn alış-veriş deyib istədiyini edə bilməzsən, bu sahədə fəaliyyət göstərmək istəyirsənsə, qanunlara əməl etməlisən.
Əsas problem ölkəyə daxil olan məhsulların qəbulu ilə bağlıdır. Bu isə poçt xidməti və gömrük rəsmiləşdirilməsi ilə əlaqədardır. Hər bir vətəndaşın bir ay ərzində 1000 dollar dəyərində məhsulu gömrük rüsumu olmadan gətirmək hüququ var. Bəzən isə vətəndaşlar qanunları bilmədən belə alış-veriş edir və bir sıra problemlərlə qarşılaşırlar".
Vəkil qeyd edib ki, qiymətlərin ucuz olması da insanları onlayn ticarətdən istifadəyə sövq edir. Lakin keyfiyyət məsələsi onlayn xidmət göstərən saytlara görə dəyişir:
"Eyni mal əgər onlayn ticarətdə daha münasib qiymətə təklif edilirsə, təbii ki, seçim zamanı elektron ticarətə üstünlük veriləcək. Adətən, elektron ticarət istifadəçiləri arasında məhsulun keyfiyyət fərqi ilə bağlı yazılı müqavilə bağlanmır. Amma elektron ticarətçi ilə əlaqəyə girəndə xüsusi qeydiyyat qaydaları və şirkətin tətbiq etdiyi daxili qaydalar, şərtlər təklif edilir.
A.Atakişiyev deyib ki, qanunvericilikdə də tərəflər arasında müqavilənin şərtlərindən imtina edilməsi üçün konkret əsaslar mövcuddur:
"Bundan başqa, əgər hər iki tərəf Azərbaycan Respublikası ərazisindədirsə, onda ən geci 30 gün ərzində müqavilə şərtləri icra olunmalıdır. Əgər malın keyfiyyətində hər hansı problem yaşanırsa, belə olan halda əvvəlcədən satıcı və alıcı məhsulu göndərməkdən imtina edə bilər.
Əvvəlcədən edilən ödəniş isə yeddi gün ərzində qaytarıla bilər. Daha başqa suallar yarandığı halda, sifariş edilən mal keyfiyyətsiz çıxdıqda vətəndaşlar istehlakçı haqqında qaydalarla tanış ola bilər və öz hüquqlarını tələb edə bilərlər".
"Alıcılar da ehtiyatlı olmalıdır. Elektron ticarət sistemində də tanınmayan, etibarlı olmayan alış-veriş saytları var. İlk dəfə onlayş şəkildə alış-veriş edən şəxslər bu kimi məqamlara aldana bilər. Plastik kartlarla alış-veriş zamanı kartın təhlükəsizliyi üçün müvafiq banklarda təhlükəsizlik kodunu aktivləşdirmək lazımdır.
Bu, hər hansı şəkildə vətəndaşın hesabında əlavə pul köçürülməsinin qarşısını alır. Banklar özləri də bu sistemi müxtəlif rejimdə tətbiq edirlər. Məsləhətdir ki, bu məqamlar diqqətdə saxlanılsın”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !