2027-ci ildə işsizlərin yalnız 19,2 mininə sığorta ödənişi veriləcək - deputat- video

2027-ci ildə Azərbaycanda 248,5 min işsiz şəxsin olacağı proqnozlaşdırılsa da, onlardan yalnız 19,2 min nəfərin işsizlikdən sığorta ödənişi alması nəzərdə tutulur. Deputat Zahid Oruc bu fərqə diqqət çəkərək İşsizlikdən Sığorta Fondunun sosial müdafiə funksiyasının gücləndirilməsinin vacibliyini bildirib. Bu barədə deputat 2027-ci ilin büdcə müzakirələri zamanı çıxışında deyib.
Deputat qeyd edib ki, 2025-ci ildə ölkədə 239 min işsiz olduğu halda, il ərzində cəmi 10 805 nəfərə işsizlikdən sığorta ödənişi edilib.
Zahid Oruc fondun büdcə vəsaitlərinin icra səviyyəsini də tənqid edib.
Onun sözlərinə görə, fondun xərcləri 2021-ci ildə 83 faiz, 2022-ci ildə 90,1 faiz, 2024-cü ildə 81 faiz, 2025-ci ildə isə 81,8 faiz icra olunub.
“Cari ildə ayrılan 266,4 milyon manatın yalnız 225,9 milyon manatının xərclənəcəyi gözlənilir. Deməli, təkcə son üç ildə fondun vəzifələrinin icrası üçün nəzərdə tutulan 130 milyon manatdan artıq vəsait geri qaytarılıb”, - deputat bildirib.
O əlavə edib ki, 2027-ci ildə fondun xərcləri 319,2 milyon manat proqnozlaşdırılır. Bu məbləğin 36 milyon manatı işsizliyə görə sığorta ödənişlərinə, 125 milyon manatı isə müvafiq idarəetmə qurumlarının saxlanmasına yönəldiləcək.
Zahid Oruc Hesablama Palatasının fondun idarəetmə xərclərinin yuxarı həddinin qanunvericiliklə müəyyənləşdirilməsi təklifini dəstəklədiyini bildirib. Onun fikrincə, fondun maliyyə imkanları işsiz vətəndaşların məşğulluğunun təmin edilməsinə daha səmərəli yönəldilməlidir.
Deputat bu sahədə Estoniyanın təcrübəsini nümunə göstərib. O bildirib ki, həmin ölkədə işsizlikdən sığorta vəsaitləri yalnız işsiz şəxslərə ödəniş üçün deyil, iş yerlərinin qorunması üçün də istifadə olunur. Pandemiya dövründə bu mexanizm vasitəsilə 65 min iş yerinin saxlanıldığı qeyd edilib.
“İşsiz vətəndaşı işə qəbul eləyən sahibkara bir ilədək əməkhaqqının 50 faizinə qədər subsidiyanın verilməsi də uğurlu təcrübədir”, – Zahid Oruc vurğulayıb.
Çıxışında deputat özünüməşğulluq proqramının nəticələrinə də diqqət çəkib. Onun sözlərinə görə, proqram çərçivəsində aktivlərlə təmin olunan şəxslərin sayı 2022-ci ildə 10 774, 2023-cü ildə 10 500, 2024-cü ildə 8 278, 2025-ci ildə isə 7 664 nəfər olub.
Zahid Oruc bildirib ki, 2016–2025-ci illərdə proqram çərçivəsində ümumilikdə 72,4 min vətəndaş aktivlərlə təmin edilib. Bununla yanaşı, yaradılan təsərrüfatların nə qədərinin fəaliyyətini davam etdirdiyi, illik dövriyyəsi və gəlirlərinin hansı səviyyədə olduğu, eləcə də neçəsinin kiçik və orta sahibkarlıq subyektinə çevrildiyi barədə məlumatların açıqlanmasını təklif edib.
“Vətəndaşa avadanlıq və ya alətlərin verilməsi onun məşğulluğunun təmin edilməsi üçün çox mühüm tədbirdir, lakin təsərrüfatların 3-5 ildən sonrakı vəziyyəti də çox önəm daşıyır”, – deputat qeyd edib.
























