Prezidentdən mühüm anons – Struktur islahatları

09:30 | 13.10.2015
Prezidentdən mühüm anons – Struktur islahatları

Prezidentdən mühüm anons – Struktur islahatları

"ASAN xidmət”də korrupsiya, rüşvətxorluq, bürokratiya yoxdur. Bu, nəyi göstərir? Birincisi, onu göstərir ki, bizim korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmağa böyük siyasi iradəmiz var. İkincisi, onu göstərir ki, korrupsiyanı, rüşvətxorluğu aradan götürmək mümkündür. "ASAN xidmət”də bu, mümkündürsə, başqa sahələrdə niyə mümkün deyil? Ona görə, burada hər bir dövlət qurumu nəticə çıxarmalıdır.

Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 12 oktyabr iclasındakı yekun çıxışında deyib. 

Prezident bildirib ki, ən çox korrupsiyaya uğramış sahələr "ASAN xidmət”ə verilib. "Ona görə, burada mən hökumətdən yeni təkliflər gözləyirəm ki, hansı xidmətləri, hansı funksiyaları biz "ASAN xidmət”ə əlavə olaraq verməliyik”, - deyə İlham Əliyev bildirib.

İctimai nəzarətin gücləndirilməsi üçün vətəndaşları bir daha fəallığa səsləyən Prezident İlham Əliyev bu nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə qalib gəlməyin mümkün olmayacağını deyib:

"Dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə də malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır”.

Bəzi strukturların bir-birinin işini təkrarladığını bildirən Prezident İlham Əliyev islahatların anonsunu verib:

"Hesab edirəm ki, inkişafa mane olan, xüsusilə idarəetmə sahəsində problem yaradan amillər də aradan qaldırılmalıdır. Burada da çox ciddi islahatlara ehtiyac var. Bəzi strukturlar bir-birinin fəaliyyətini təkrarlayır, biz buna da yol verməməliyik, burada optimallaşdırma siyasəti aparılmalıdır və bu sahəyə də diqqət verilməlidir”.

Sahibkarların qeyri-qanuni yoxlanmasına qarşı çıxan Prezident Əliyev buna son qoyulmasını tələb edib: "Qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM