Azərbaycan Dövlət Musiqili Teatrında yeni bir tamaşanın məşqlərinə start
verilib.
ANN.Az xəbər verir ki, Mətbuat xidmətinin rəhbəri Samir
Sədaqətoğlu bildirir ki, söhbət SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin "Qafqazlı qardaşqızı” operettasından gedir.
Teatrın rus bolməsində hazırlanacaq tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əli Usubovdur. Rauf Hacıyevin möhtəşəm musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə seçilən "Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskvanın, Sankt-Peterburqun, Riqanın, Nalcikin, Volqaqradın Musiqili Teatrlarında tamaşaya qoyulub. "Bu operetta mənim üçün çox dəyərlidi – 1969-cu ildə Leninqrad Konservatoriyasını bitirdikdən sonra Moskva Teatrında tamaşaya qoyduğum ilk operetta, rejissorluq sahəsində atdığım ilk addımdır. Rauf Hacıyevin bu möhtəşəm operettası milli musiqi mədəniyyətimizin də klassikasıdır. Əsərin parlaq komedik süjeti, sevgi toqquşmaları sözsüz ki, tamaşaçıları özünə cəlb edəcək. Mən Mədəniyyət və Turizm Nazirliyinə, şəxsən Əbülfəz Qarayevə tamaşanın hazırlanmasına dəstək olduğu üçün təşəkkür edirəm. Hesab edirəm ki, yarıməsrlik fasilədən sonra Rauf Hacıyevin ən yaxşı musiqili komediyalarından olan "Qafqazlı qardaşqızı”nın yenidən Bakı səhnəsinə qayıtması əvəzolunmaz Azərbaycan bəstəkarı Rauf Hacıyevin yaradıcılığını sevənlər üçün böyük hədiyyə olacaq” - deyə quruluşçu-rejissor Əli Usubov bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !