"Qaregin Njdeyə İrəvanda abidə qoyulmasını anlamırıq"

23:59 | 10.06.2016

"Qaregin Njdeyə İrəvanda abidə qoyulmasını anlamırıq"

"Qaregin Njdenin abidəsinin İrəvanda qoyulması bizim üçün anlaşılan deyil”.
 
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə APA-nın Moskva müxbirinin sualını cavablandırarkən bildirib.

"2014-cü ildə BMT-nin Baş Assambleyası Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamə qəbul edib. Bu ilin mayın 28-də İrəvanda Üçüncü Reyxlə əməkdaşlıq etmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti etmiş Qaregin Njdeyə qoyulmuş abidənin açılışı olub. Açılış mərasimində Ermənistan prezidenti və yüksək vəzifəli şəxslər iştirak ediblər. Bütün bunlar İkinci Dünya Müharibəsi tarixinin yenidən yazılması və faşizm üzərində qələbədə Rusiya və Sovet İttifaqının digər xalqlarının rolunun heçə endirilməsi dövrünə təsadüf edir”, - deyə o vurğulayıb.
 
Ölkəsinin Ermənistanın faşist Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addıma münasibətinə gəlincə M. Zaxarova bunu deyib: "Böyük Vətən Müharibəsinə münasibətimiz bəllidir. Faşizm və nasizmin qəhrəmanlaşdırılmasına da münasibətimiz məlumdur. Ona görə də, bizim üçün anlaşılan deyil niyə görə İrəvanda bu abidə qoyulub. Biz BMT Baş Assambleyasında bu qətnaməni qəbul edərkən Ermənistan bunun lehinə səs verib. Hesab edirik ki, Ermənistanın rəsmi mövqeyi məhz budur".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM