Krediti olan şəxs ünvanlı sosial yardımı necə alacaq? - AÇIQLAMA
"Əgər vətəndaş məmurla üz-üzə gəlirsə, onlar arasında hər hansı sövdələşmə ola bilər” - bunu ANN.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin dövlət sosial təminat siyasəti şöbəsinin müdir müavini Fuad Hüseynov deyib.
Nazirlər Kabineti "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar verib.
Əvvəlki qaydalara əsasən, əgər ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi vardısa, ailə üzvlərindən biri üçün yaşayış minimumunun 10 mislindən çox məbləğdə təhsil haqqı ödənilirdisə, həmin ailələrə ünvanlı sosial yardım verilmirdi. Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalarda isə bu iki şərt aradan qaldırılıb. Yəni artıq banklara kredit borcu olan və üzvlərindən biri ödənişli əsaslarla təhsil alan ailələr də ünvalı sosial yardım almaq üçün müraciət edə bilərlər.
Yeni qaydaları ANN.Az-a şərh edən nazirlik rəsmisi Fuad Hüseynov ən əvvəl "Banklar haqqında” qanunvericiliyə əsaslanaraq qeyd edib ki, əgər vətəndaşın aylıq ödənişləri rəsmi gəlirlərinin 50 faizindən çoxunu təşkil edirsə, həmin şəxslərə kredit verilmir: "Misal üçün, vətəndaş 200 manat maaş alırsa, bunun yalnız 100 manat məbləğində ödəniş haqqı olmaq şərti ilə kredit öhdəliyi götürə bilər”.
Nazirlik rəsmisi bildirib ki, vətəndaşlar hər hansı kredit öhdəliyi əldə etdiyi təqdirdə, həmin şəxsin ailəsinin orta aylıq gəliri qeydə alınır: "Ümumiyyətlə, bank müştəriyə kredit veribsə, onun ödəmə qabiliyyətini öyrənib sonra kredit verməlidir. Ola bilər ünvanlı sosial yardım almaq istəyən həmin vətəndaş gəlirlərini bizdən gizlətsin, amma biz bunu bank vasitəsilə öyrənə bilərik".
Fuad Hüseynov əlavə edib ki, yeni sistemin avtomatlaşdırılmış qaydada həyata keçirilməsi planlaşdırılır: "Eyni zaman da vətəndaş tərəfindən xüsusi ərizə bəyannamələri doldurularaq, elektron hökumət portalı üzərindən, 22 dövlət qurumundan əldə olunan məlumatlarla tutuşdurulur. Məlumatların düzgün olub-olmaması, gizlənilməsi, tam bəyan etməsi yoxlanılır. Bundan başqa Mərkəzi Bank tərəfindən də məlumatlar əldə edirik. Bizə ordan tam şəkildə məlumat verirlir ki, həmin şəxslərin kredit öhdəliyi var və ya yoxdur. Kredit öhdəliyi varsa belə, həmin o kredit öhdəliyinin özü ailənin gəlirləri olaraq üstünə gələcək. Yəni ünvanlı sosial yardım olmasa belə siz bu öhdəliyi götürmüsünüzsə, onu ödəməlisiniz. Biz də nazirlik olaraq vətəndaşın kredit öhdəliyini ölkə ərazisində fəaliyyət göstərən banklar vasitəsilə müəyyən edirik. Məlum məsələdir ki, heç bir banka ödəmə qabiliyyəti olmayan, sosial iqtisadi durumu kəskin vəziyyətdə olan vətəndaş kredit ödəməyəcək və bu da bank üçün riskləri daha çox təşkil edəcək. Belə olan halda biz həmin o şəxsin kredit öhdəliyini yoxluyub qiymətləndiririk (çünki bank da həmin şəxsin maddi durumu qiymətləndirib ki, ona kredit verib) və ailənin gəlirlərini də nəzərə aldıqdan sonra, ünvanlı sosial yardım veriləcək adam haqqında tam dolğun informasiya topladıqdan sonra ona bu yardım verilir”.
Nazirlik rəsmisi ünvanlı sosial yardım alarkən rüşvət hallarının olmasına da münasibət bildirib: "Əgər vətəndaş məmurla üz-üzə gəlirsə, onlar arasında hər hansı bir sövdələşmə ola bilər. Harada olmasında asılı olmayaraq, istər region, istər paytaxtın özündə bu cür hallar baş verə bilər. Ancaq belə neqativ halların qarşısını almaq üçün biz də bütün proseslər avtomatlaşdırılmış qaydaya keçir. Yəni ünvanlı sosial yardım almaq istəyən şəxs bunu öz evində kompüter vasitəsilə lazımlı ərizəni dolduraraq həyata keçirə biləcək”.
Orxan Aslanlı
www.ann.az