Azərbaycan ekoloji terrora görə Ermənistandan təzminat tələb edəcək - Əliyev
Rəsmi Bakı Azərbaycan ərazilərinin - Qarabağın və Şərqi Zəngəzurun işğalı zamanı ətraf mühitə və təbii sərvətlərə dəymiş ziyana görə Ermənistandan təzminat tələb edəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev bildirib.
"Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistan ətraf mühitə xeyli ziyan vurub. Xüsusilə, 50-60 min hektarlıq meşə sahəsi tamamilə məhv edilib. Bu proses xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında kütləvi xarakter aldı. Əslində bu vəhşilik və soyğunçuluqdur. Xüsusilə də bunun nəticəsində Zəngilan rayonunun təbiətinə böyük ziyan dəyib”, - Əliyev prezidentin Zəngilan rayonu üzrə yeni təyin olunmuş nümayəndəsi Vahid Hacıyevi qəbul edərkən bildirib.
Onun sözlərinə görə, işğal dövründə Ermənistan Zəngilan rayonu ərazisindəki Besitçay qoruğunun da böyük bir hissəsini dağıdıb.
"Oxşar çirkin əməllər müharibədən dərhal sonra Kəlbəcər və Laçın rayonlarında da onlara bu rayonları tərk etmək üçün vaxt verilərkən törədilib. Azərbaycan hökuməti artıq Besitçay Təbiət Qoruğunun bərpası prosesinə başlayıb, lakin bu proses çox uzun vaxt aparacaq", - Əliyev bildirib.
Prezident vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərinin işğalı dövründə Zəngilanda və digər rayonlarda da qeyri-qanuni qızıl və digər qiymətli metalların hasilatı ilə məşğul olub, bu yataqlar vəhşicəsinə istismar edilib, bu yerlər ekoloji fəlakət zonasına çevrilib , çıxarılan qızıl isə qanunsuz olaraq xaricə ixrac edilib.
"Bütün bu cinayətlər cavabsız qalmayacaq. Biz dəymiş ziyanı hesablayırıq, dağıdılan bütün şəhər və kəndlərin pasportlaşdırılmasını həyata keçiririk. Biz bu faktlarla beynəlxalq məhkəmələrə müraciət etmək niyyətindəyik, bununla bağlı hazırlıq işləri gedir. Vejnəli qızıl yatağının (Zəngilan rayonunda yerləşir, red) qeyri-qanuni istismarı xarici vətəndaşlara, o cümlədən erməni köklü əcnəbi vətəndaşlara baha başa gələcək. Adlarını bilirik, bizə təzminat ödəyəcəklər. Onlar bizə dəymiş ziyana görə mütləq təzminat ödəyəcəklər”, - Əliyev əlavə edib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan sərhədyanı Oxçuçay çayına qarşı da ekoloji terror həyata keçirib.
"Təəssüf ki, bu ekoterrorun müəllifi ermənilərlə bərabər "Cronimet” şirkətidir. Ermənistandakı mis-molibden zavodunun bütün tullantıları təmizlənmədən bu çaya atılıb, nəticədə o, sarı rəng alıb. Bu cinayətdir, bu ekoloji terrordur. Bunu kim edib? Ermənistanın keçmiş rəhbərləri, çünki bu zavodun səhmdarları Ermənistanın keçmiş rəhbəri Serj Sarkisyan ilə yaxın və qohumluq əlaqələri olan şəxslər olub”, – prezident vurğulayıb.
Əliyev əlavə edib ki, Azərbaycan Almaniyanın hüquq-mühafizə orqanlarına, eləcə də "Cronimet” şirkətinə rəsmi müraciət edib.
"Gəlin bu ekoterrorun nəticələrini təmizləyin. Amma heç bir cavab yoxdur, hüquq-mühafizə orqanlarından da cavab yoxdur. Biz bilirik ki, Avropada ekoloji məsələlərə nə qədər diqqət yetirilir...”, - dövlət başçısı vurğulayıb.
Prezident Hacıyevə dəymiş ziyanın hesablanması, məhkəmələrə müraciət edilməsi barədə tapşırıqlar verib.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox