Şəkidə avtobus aşıb - YENİLƏNDİ
Şəkidə qəzaya uğrayan sərnişin avtobusunda müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilir ki, nazirliyin "112" qaynar telefon xəttinə Şəki şəhərində "İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
******
Daxili İşlər Nazirliyi (DİN) Şəkidə baş vermiş ağır yol qəzasının başvermə səbəbi barədə məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində Ağdam rayon sakini Elya Əhmədovun idarə etdiyi "İsuzu” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə yerinə polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardımın həkim briqadaları cəlb olunub, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
4-ü müəllim, 2-si valideyn və 16-sı da şagird olmaqla, ümumilikdə 22 nəfər gəzmək məqsədilə Samux rayonundan Şəki şəhərinə gəliblər.
******
Şəkidə turistləri daşıyan avtobus qəzaya düşüb.
Hadisə bu gün axşam saatlarında Gileyli məhəlləsi adlanan ərazidə, "Mustafabəy" istirahət mərkəzinə gedən yolda qeydə alınıb.
Belə ki, içərisində 25 nəfər turistin olduğu "Hyundai" markalı avtobus idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtobusda olan xeyli sayda turist xəsarət alıb.
www.anews.az