“Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq”. – Fərid Hüseynov
![“Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq”. – Fərid Hüseynov “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq”. – Fərid Hüseynov](https://anews.az/photo/850x500/2024-07/1722329117_farid-h-150-il-1200x628.jpg)
Kapital
Bank 150 illik yubileyini qeyd edir. Bu əlamətdar hadisə bankın zəngin
tarixini, davamlı inkişafını və müasir dövrün tələblərinə uyğun olaraq həyata
keçirdiyi layihələri bir araya gətirir. Müsahibimiz, Kapital Bank-ın İdarə Heyətinin
sədri Fərid Hüseynov ilə 150 illik tarixə sahib olan, ölkənin birinci bankının
son illərdə əldə etdiyi uğurları, həmçinin gələcək hədəflərindən
danışırıq.
"150 il” ifadəsini
səsləndirmək belə bankın uğurlu bir tarixə, təcrübəyə sahib olduğunu göstərir.
Ölkənin birinci bankı adına sahib olmaq qədər, o adı qoruyub saxlamaq da doğru
strategiya və komanda işi tələb edir. Bu yolda əsas uğur düsturunuz nədir?
Sürətlə
böyüyən və inkişaf edən bir ölkənin birinci bankı olaraq fəaliyyət göstərmək və
bu zamana qədər müştərilərinin etimadına sadiq qalmaq həqiqətən böyük əmək və
motivasiya tələb edir. Bizim, Kapital Bank olaraq ən böyük strategiyamız və
uğur düsturumuz müştəri mərkəzli xidməti prioritet hesab etməyimizdir.
Bankımız
hüquqi varisi olduğumuz ilk əmanət kassasının fəaliyyətə başladığı 1874-cü
ildən bu günədək ölkəmizin birinci bankı kimi əhəmiyyətli layihələrin
təşəbbüskarıdır. Bu layihələr təkcə maliyyə sektoruna deyil, həm də
cəmiyyətimizin ümumi rifahına xidmət edir. Biz daim müştərilərimizin
ehtiyaclarını və tələblərini anlayaraq, onlara doğru həllər təqdim edir,
hesabatlılıq və şəffaflıq prinsiplərinə sadiq qalaraq dayanıqlı inkişaf
hədəflərini həyata keçiririk. Doğru texnoloji investisiyalar və finteklərin
tətbiqi ilə maliyyə sahəsində ilk sırada olmağa davam edirik.
Rəqəmsallaşmadan
söz açmışkən, bəli, Kapital Bank rəqəmsallaşmanı ölkəmizdə populyarlaşdıran ilk
banklardandır. Hansı texnoloji yenilikləri tətbiq edirsiniz və bu rəqəmsal
texnologiyalar bank xidmətlərinizə necə təsir edir?
Bəli, həqiqətən bir ekosistemin parçası olaraq tariximizin hər
mərhələsində bir çox ilklərə imza atmışıq və hələ də inkişaf etməyə, xidmət
sahələrimizi təkmilləşdirməyə davam edirik. Fərqli istiqamətlərdə sürətli və
effektiv nəticələrin əldə olunması üçün müxtəlif texnologiyalar əsasında
qurduğumuz modellər böyük rol oynayır və bu modellərin bir çoxunda süni
intellekt də tətbiq olunur.
Üz tanıma, seqmentasiya, kreditin ön təsdiqi, risk idarəetmə
modellərini və müştəri sorğularının səsdən mətnə və mətndən səsə çevrilməsi
kimi texnoloji yenilikləri tətbiq edirik. Məsələn, filiala getmədən kreditin
başdan-başa onlayn əldə edilməsi və ya eyni qaydada depozitin yerləşdirilməsi
bu nümunələrdən sayıla bilər. Analitika sahəsindəki modellərimizi də vurğulamaq
istəyirəm, hansı ki burada böyük məlumatları analiz edərək məhsulları və
kampaniyaları optimallaşdırır və eyni zamanda müştərilərimizin ehtiyaclarını
daha yaxşı başa düşürük.
Rəqəmsal
texnologiların tətbiqinin bizə qazandırdığı ən vacib dəyər müştərilərimizin
filiala gəlmədən, effektiv şəkildə xidmət almasını təmin etmək oldu. Bu, həmçinin
kağız sənədlərin istifadəsini minimuma endirməyə və təbiətimizin çirklənməsinin
qarşısını almağa da dəstək olur. Təkcə ötən ilin göstəricilərinə baxsaq, bank əməliyyatları
zamanı elektron sənədləşmə sayəsində 8 milyona yaxın A4 kağıza qənaət etmişik,
yəni kəsiləcək 800 ağacı təbiətə qazandırmışıq.
Sahibkarlığa
və biznesin inkişafına qatdığımız dəyəri və dəstəyi də vurğulamadan keçmək
olmaz. Bankımızın müştəri portfelinin önəmli hissəsini kiçik və orta
sahibkarlar, korporativ müştərilər təşkil edir. Bu istiqamətlərdə Birbank
Biznes mobil tətbiqimizin biznes mühitinə, xüsusilə kiçik və orta sahibkarlığa
qatdığı dəyəri və xidməti demədən keçmək olmaz. Sözügedən istiqamətdə də önəmli
investisiyalar etməklə, KOS-lara
istənilən vaxt və hər yerdə öz hesablarına daxil olmaq və müxtəlif maliyyə
əməliyyatlarını həyata keçirmək fürsəti yaradırıq.
Qürurla
qeyd etməliyik ki, rəqəmsallaşmadakı bütün bu təşəbbüslərin nəticəsi olaraq
beynəlxalq təşkilatlar tərəfindən hər il bir çox kateqoriyada mükafatlara layiq
görülürük. "Global Finance” jurnalı tərəfindən "Süni intellektin rəqəmsal
transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görülməyimiz, ölkənin
ilk rəqəmsal bankı Birbank-ın mobil tətbiqinin "Markswebb” konsaltinq və
araşdırma şirkətinin "2024-cü il üzrə Azərbaycanın mobil bankçılıq
sıralaması" siyahısında 1-ci yerə layiq görülməyi bunun ən yaxşı
sübutudur.
Əlbəttə
ki, danışdığımız bütün uğurların arxasında ciddi komanda ruhu və böyük Kapital
Bank ailəsinin əməyi var. Bu günün birinci bankı olmaq və gələcəkdə də müştərilərinə
innovativ həllər təqdim etmək fəlsəfəsi davamlı inkişafın parçası olmağı tələb
edir.
Kapital
Bank korporativ sosial məsuliyyət istiqamətində də önəmli işlərə imza atır.
Bankın davamlılıq və ekoloji məsuliyyət sahəsində gələcək planları nələrdir?
Korporativ sosial məsuliyyət istiqaməti bizim əsas
öncəliklərimizdəndir. Kapital Bank-ın birbaşa dəstəyi ilə yaradılmış Qırmızı
Ürəklər Fondunun bu istiqamətlərdə əhəmiyyəti də böyükdür.
Qırmızı Ürəklər Fondu cəmiyyət, ətraf mühit və heyvanlar olmaqla üç
fərqli istiqamətdə dəstək göstərərək ətraf mühit və sosial sahələrdə müsbət
təsirlər yaradır. Təkcə ötən il "Vətən Bağı” layihəsi çərçivəsində, Lerik,
Daşkəsən, Ağstafa, Qazax və Şabran olmaqla 5 regionda 1000-ə yaxın ağac əkilib.
"Təmiz Mühit, Təmiz Gələcək” aksiyası çərçivəsində 15 hektar ərazi 4 tondan çox
tullantılardan təmizlənmişdir. "Kitabgəzər Kitabxanası” layihəsi çərçivəsində
ölkəmizin 29 rayon və şəhərlərində 55 kənd məktəbinə 3000-ə yaxın kitab ianə
edilmişdir. "Batareyaları Təhvil Ver, Təbiəti Qoru” layihəsi çərçivəsində 780
kq-a yaxın batareya toplanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim
edilmişdir. Təhsil təqaüd proqramları, heyvanların müdafiəsi istiqamətində
edilən təşəbbüslər və digər sosial layihələr də bu fondun fəaliyyət sahələrinə
daxildir.
Yaşıl layihələrin maliyyələşdirilməsi, ekoloji maşın kreditlərində
edilən önəmli güzəştlər, ekoresursların səmərəli istifadəsi və tullantıların
azaldılması kimi ətraf mühitə yönəlik layihələrin reallaşdırılması Kapital
Bank-ın əsas strateji istiqamətlərindəndir. 2023-cü ildə bu layihələr
çərçivəsində əldə edilmiş əsas nəticələrdən biri rəqəmsal tranzaksiyaların
artmasıdır ki, bu yanaşma ilə Kapital Bank həm ətraf mühitin qorunmasına, həm
də cəmiyyətin rifahına töhfə verməyə davam edir.
Elm və təhsilin inkişafı istiqamətində edilən təşəbbüsləri də
vurğulamaq istərdim. Birbaşa Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığımız
çərçivəsində Respublika Fənn Olimpiadalarının əsas tərəfdaşlarındanıq.
Sualınızın ikinci hissəsinə gəldikdə isə, Kapital Bank-ın 2024-2026
strategiya planı artıq hazırdır və orada ESİ (ekoloji, sosial və idarəetmə)
əsas strateji istiqamətlərimizdəndir. Kapital Bank olaraq biz davamlılığı
strateji məqsədlərimizin əsas hissəsi kimi qəbul edirik. Mərkəzi Bank
tərəfindən hazırlanmış yol xəritəsinə və yeni strategiyaya uyğun olaraq bir çox
istiqamətdə təşəbbüslərimiz var və bunlar 2024-2026-cı illər üçün olan inkişaf
strategiyamızda da öz əksini tapır. İlk növbədə "Dayanıqlı maliyyə
təşəbbüsləri” və "Rəqəmsal maliyyə təşəbbüsləri” istiqamətlərindəki olan layihələrimizi
vurğulamaq istərdim. Xüsusilə rəqəmsal maliyyə həllərinin inkişafı və
innovasiyaların təşviqi ilə maliyyə xidmətlərinə əlçatanlığın artırılması
istiqamətində 2021-ci ildən addımlar atmağa başlamışıq və indiyədək
təşəbbüslərimizin müsbət təsirlərini alırıq.
Bankımızın ESİ fəaliyyətləri genişləndikcə rəhbərlərimizin və
əməkdaşlarımızın bu istiqamətdəki məsuliyyətləri də artmağa davam edir. Burada,
hətta ofis ləvazimatlarının ekoloji olması, enerji istifadəsinin
optimallaşdırılması kimi önəmli faktorlarda da öhdəliklərimiz var və bu
istiqamətlərdə daha da inkişaf etməyi hədəfləyirik.
Nəticə olaraq, biz ESİ prinsiplərini strateji planlaşdırma və
fəaliyyətlərimizin mərkəzinə yerləşdirməklə həm rəhbərliyin, həm də
əməkdaşlarımızın bu istiqamətdə daha çox təşəbbüs göstərməyini təmin
edirik.
Bütün
böyük uğurlarınızın arxasında komanda ruhu var dediniz. Bildiyimiz qədəriylə
bankınızda 5 mindən çox əməkdaşınız var. Onların motivasiyasını artıraraq
məhsuldarlığını necə təmin edirsiniz?
Bu sualın cavabını son iki ildir "Great Place to Work” beynəlxalq
tədqiqat və konsaltinq şirkəti tərəfindən "Mükəmməl iş yeri” sertifikatına
layiq görülməyimizlə verə bilərəm. Bu mükafatı daha dəyərli edən isə
əməkdaşlarımızın rəyləri əsasında əldə olunmasıdır və bizim korporativ
mədəniyyətimizin və iş mühitimizin keyfiyyətini təsdiqləyir.
Əməkdaşlarımızın peşəkar və şəxsi inkişafını dəstəkləmək üçün davamlı
tədris və inkişaf proqramları təklif edirik. Həmçinin, xüsusi təhsil təqaüd
proqramlarımız ilə bir sıra əməkdaşlarımızın təhsil xərcləri də bank tərəfindən
qarşılanır.
Bundan əlavə, mütəmadi olaraq əməkdaşlarımızla sorğular keçirərək
onların rəyləri əsasında iş mühitimizdə də təkmilləşdirmələr edirik. Bu mövzuda
bankımız "açıq rəy” siyasəti tətbiq edir ki, bu da əməkdaşların fikirlərinin
dəyərli olduğunu və onların iş mühitinin yaxşılaşdırılmasında rol oynadığını
göstərir.
Müştəri mərkəzli xidmətdə bizi zirvələrə daşıyan əməkdaşlarımıza
doğru iş mühitini yaratmaq və onları daim motivasiyada saxlamaq bizim ən əsas
öhdəliyimizdir.
Gələcək iqtisadi tendensiyalar, xüsusilə rəqəmsallaşma, tənzimləyici
dəyişikliklər və iqtisadi dalğalanmalar, əlbəttə ki, bizə də öz təsirlərini
göstərə bilər, amma daha əvvəl də qeyd etdiyim kimi, həm Mərkəzi Bank
tərəfindən hazırlanmış yol xəritəsi, həm də ölkəmizin gələcək iqtisadi inkişaf
planı bizi gələcəyə daha çox hazır edir.
Bu dəyişikliklərə hazırlıq məqsədilə Kapital Bank bir sıra mühüm
addımlar atır. İlk növbədə, rəqəmsal xidmətlərimizi genişləndirmək üçün
texnologiyaya böyük investisiyalar edirik və bu, bankın rəqabətlilik
qabiliyyətini qoruyub saxlamaq və müştərilərinə daha yaxşı xidmət göstərmək
üçün vacibdir.
Eyni zamanda, risklərin idarə edilməsindəki təkmilləşmələri də qeyd
edə bilərəm. Normativlər daxilindəki risk qiymətləndirmə alətləri və
metodologiyalarını istifadə edərək bankımız mümkün riskləri daha yaxşı idarə
edə bilir. Bu, bankın maliyyə sabitliyini təmin etmək və iqtisadi
dalğalanmalara qarşı dayanıqlığını artırmaqda önəmli əhəmiyyət daşıyır.
Bankımız, həmçinin müxtəlif gəlir mənbələrinə fokuslanır. Ənənəvi
bank xidmətlərindən asılılığı azaltmaq üçün məhsul çeşidini genişləndirir və
yeni maliyyə məhsulları təqdim edir. Bu yanaşma bankın iqtisadi dəyişikliklərə
qarşı daha dayanıqlı olmasını və müştərilərinə daha geniş xidmət spektri təqdim
etməsini təmin edir.
Sonda bank
sektorunda karyera qurmaq istəyən gənclərə
və müştərilərinizə nələr demək istərdiniz?
Müştərilərimizə isə demək istəyirəm ki, sizin etimadınız və dəstəyiniz
bizim üçün çox önəmlidir. Biz, Kapital Bank olaraq hər zaman sizin yanınızda
olmağa və ehtiyaclarınıza ən uyğun həllər təqdim etməyə çalışırıq.
www.anews.az