Türk liseyində Azərbaycan dilinin keçirilməyəcəyi ilə bağlı xəbərə səfirlikdən reaksiya
Bakı Türk Anadolu Liseyində Azərbaycan dilinin tədrisinin dayandırılması ilə bağlı iddialar yayılıb. Həmin tədris müəssisəsində oxuyan valideynlər sözlərinə görə, artıq bununla bağlı liseydə çalışan Azərbaycan dili müəllimləri işdən çıxarılıb. Bakı Türk Anadolu Liseyinin direktoru Abdullah Yılmaz da bildirib ki, Azərbaycan və Türkiyə arasında əldə olunan müqaviləyə uyğun olaraq Azərbaycan dilinin tədrisinin yalnız 9-11-ci siniflərdə saxlanılıb.
"Qafqazinfo”nun məlumatına görə, məsələyə Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil Müşavirliyi də münasibət bildirib.
Lisey rəhbərinin açıqlamasından fərqli olaraq, səfirlik Azərbaycan dilinin tədrisinin davam etdiyini bildirib.
Müşavirlikdən bildirilib ki, 2023-2024-cü tədris ilində Bakı Türk Təhsil Qurumlarında 2582 şagird təhsil alıb. Məktəbdə təhsil alan 723 şagirdin valideynləri Türkiyə vətəndaşıdır:
Türkiyə Prezidenti Əhməd Necdət Sezer və Azərbaycan Prezidenti Ulu Öndər Heydər Əliyev tərəfindən 11.07.2000-ci il tarixli protokolla əsası qoyulan ibtidai təhsil pilləmizdə 2018-2019-cu tədris ilindən Azərbaycan dili dərsi seçmə dərs kimi tədris olunur. Bundan əlavə, məktəbimiz yarandığı gündən orta məktəb səviyyəsində Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası dərsləri tədris olunur və sonrakı illərdə də tədris olunmağa davam etdiriləcəkdir. Bu dərslər Bakı Türk Anadolu Liseyinin təsis protokolunun 4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təyin edilmiş müəllimlər tərəfindən tədris olunur.
İki ölkənin qardaşlığının ən son nümunəsi olan və ortaq gələcəyimizi birlikdə quracağımız yeni nəsillər yetişdirmək məqsədi daşıyan məktəbimizlə bağlı müxtəlif KİV-lərdə dərc olunan "Azərbaycan dili və ədəbiyyatı dərslərinin dayandırılacağı xəbəri” həqiqəti əks etdirmir. Doğru olmayan xəbərlərə görə təəssüfləndiyimizi qeyd edir və ictimaiyyətə hörmətlə bildiririk ki, belə xəbərlərə etibar etməsinlər”.
www.anews.az