Dehlidə yataqxana binası uçub, ölənlər var
Hindistanın paytaxtı Yeni Dehlidə tələbə yataqxanası kimi istifadə olunan beşmərtəbəli binanın uçması nəticəsində azı üç nəfər ölüb, onlarla insanın dağıntılar altında qaldığı ehtimal edilir.Bu barədə “India Today” məlumat yayıb.
Hadisə Dehli Universitetinin yaxınlığında yerləşən və tələbə yataqxanaları ilə tanınan Satya-Niketan ərazisində baş verib. İlkin məlumata görə, binanın zirzəmisində təmir işləri aparılırmış.
Yanğınsöndürənlərin məlumatına görə, azı iki nəfər ağır yaralanıb, bir neçə nəfər isə dağıntılar altından xilas edilib. 30-40 nəfərin dağıntılar altında qala biləcəyi bildirilir.
Dehli polisi dağıntılar altında qalan və yaralanan şəxslərin dəqiq sayının hələ müəyyənləşdirilmədiyini bildirib.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.