Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları son iki-üç ildə iki dəfə artıb, bu il isə təxminən 30% artım qeydə alınıb. Bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov bildirib.
Onun sözlərinə görə, Özbəkistan Xəzər dənizi vasitəsilə yükdaşımaların genişləndirilməsi üçün yeni imkanların yaradılması, əlavə bərələrin alınması, eləcə də Zəngəzur dəhlizinin Azərbaycan hissəsinə və Naxçıvandakı infrastruktura investisiya qoyuluşunu müzakirə edir.
“Özbəkistan Orta Dəhlizdə imkanların artırılmasına və investisiya qoyuluşuna sadiqdir”, - Kudratov deyib.
Nazir bildirib ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın ümumi ticarət dövriyyəsi 13 milyard dollara çatıb və 2030-cu ilədək bu göstəricinin 20 milyard dollara yüksəldilməsi hədəflənir.
Onun sözlərinə görə, Özbəkistan Azərbaycanda toxuculuq və avtomobil sənayesi daxil olmaqla bir sıra sahələrə, Azərbaycan isə Özbəkistanda dağ-mədən, daşınmaz əmlak və energetika sektorlarına investisiya yatırır.
Kudratov həmçinin bildirib ki, Özbəkistan və Azərbaycan Mərkəzi Asiyada istehsal olunan yaşıl elektrik enerjisinin Avropaya nəqli üzrə birgə layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlayırlar.
Özbəkistanın elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payı hazırda təxminən 30%-dir.
Daşkənd 2030-cu ilədək günəş, külək, su və qazın enerji istehsalı balansındakı ümumi payını 54%-ə çatdırmağı planlaşdırır.
Gülnar Nazimqızı