Keçmiş nazir Səlim Müslümov universitetə qayıdıb
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi fəaliyyətə başlayıb. Məlumatı akademiyadan Anews.az-a təsdiqləyiblər.
Müslümov əvvəllər də bu ali təhsil müəssisəsində çalışıb. O, 2019-cu ildə akademiyanın Dünya iqtisadiyyatı kafedrasının müdiri olub.
Səlim Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri, 2002–2013-cü illərdə isə Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifələrində çalışıb.
Keçmiş nazir 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunub.
Daha sonra Müslümov barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib.
Aytac Zeynalova