İrnazarov: Orta Dəhlizin səmərəli fəaliyyəti üçün koordinasiya və vahid yanaşma vacibdir
Orta Dəhlizin səmərəli fəaliyyəti üçün yalnız infrastrukturun inkişaf etdirilməsi kifayət deyil, marşruta cəlb olunan ölkə və qurumların fəaliyyətinin əlaqələndirilməsi, qanunvericiliyin uyğunlaşdırılması və rəqəmsallaşmanın təmin edilməsi vacibdir. Bunu “Chemonics International” şirkətinin Özbəkistandakı nümayəndəliyinin rəhbəri və layihə rəhbəri, Daşkənd Mərkəzi Asiya İnkişaf İnstitutunun həmtəsisçisi və ölkə direktoru, CAMCA Şəbəkəsinin üzvü Farrux İrnazarov Bakıda keçirilən CAMCA Regional Forumunun ikinci günündə deyib.
Onun sözlərinə görə, Orta Dəhlizin fəaliyyəti estafet yarışına bənzəyir və marşrutun müxtəlif mərhələlərində iştirak edən tərəflərin fəaliyyətinin düzgün əlaqələndirilməsi zəruridir.
“Altı ölkənin və müxtəlif qurumların bu prosesdə birlikdə çalışdığını nəzərə alsaq, hər birinin öz işində 95 faizlik dəqiqlik və vaxt göstəricisinə nail olması belə, yekunda ümumi uğur səviyyəsinin təxminən 70 faizə qədər azalmasına səbəb ola bilər. Çünki bütün tərəflər bir-birindən asılıdır”, - İrnazarov bildirib.
O qeyd edib ki, proseslərin səmərəli təşkili üçün qanunvericiliyin uyğunlaşdırılması, tərəflər arasında etimadın artırılması və vahid yanaşmanın tətbiqi vacibdir.
“İnfrastruktur, şübhəsiz ki, vacibdir, lakin özü bütün problemləri həll etməyəcək. Biz həmişə darboğazlara və məhdudiyyətlərə baxmalı, hansı müdaxilələrin real nəticə verə biləcəyini müəyyən etməliyik”, - o vurğulayıb.
İrnazarov Xəzər dənizində su səviyyəsinin aşağı düşməsinin, eləcə də müxtəlif yük və gəmi növlərinə tətbiq olunan məhdudiyyətlərin nəqliyyat prosesində əlavə çətinliklər yaratdığını bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin səmərəliliyinin artırılması üçün proseslərin mümkün qədər vahid operator və yük sənədi ətrafında təşkil edilməsi məqsədəuyğundur.
“Bütün sənədlər rəqəmsal şəkildə dövriyyədə olmalı, proseslər bütün tərəflər tərəfindən tanınmalıdır. Görüləsi çox iş və əhatə olunası böyük bir sahə var”, - o əlavə edib.
Aytac