Bizim həyat tərzimizə burnunu soxmasınlar - Prezident
Prezident İlham Əliyev Azərbaycanda təhlükəsizlik və sabitliyin qorunması üçün tədbirlərin daim gündəmdə saxlanılmalı olduğunu açıqlayıb.
İlham Əliyev bunu Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
“Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər”, - Prezident bildirib.
Onun sözlərinə görə, hazırda ölkə daxilində fiziki, ideoloji və digər risklər mövcud deyil, risklər əsasən ölkə hüdudlarından kənarda formalaşır.
“Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq”, - dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, Azərbaycan ona qarşı yönələn zərbələri cavabsız qoymur və ölkənin təhlükəsizliyi ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.
“Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin”, - İlham Əliyev bildirib.
O, həmçinin fiziki və ideoloji risklərlə bağlı tədbirlərin görülməsinin davam etdiriləcəyini vurğulayıb.