V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Şəkidə V Beynəlxalq Teatr Festivalı keçirilir. Festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri iştirak edir.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, “Festivallar şəhəri” kimi tanınan qədim Şəki növbəti beynəlxalq sənət tədbirinə ev sahibliyi edir. Festival Mədəniyyət Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Şəki Dövlət Dram Teatrının dəstəyi və iştirakı ilə təşkil olunub.
Oktyabrın 1-də Şəki Dövlət Dram Teatrında festivalın açılış mərasimi keçirilib. Tədbirdə təşkilatçı qurumların nümayəndələri, tanınmış teatr və incəsənət xadimləri, festival iştirakçıları və qonaqları, eləcə də Şəki sakinləri iştirak ediblər.
Açılış mərasimindən əvvəl festival iştirakçıları Şəkidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyaraq Ümummilli Liderin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra festivalın qonaqları Şəki Dövlət Dram Teatrında təntənəli şəkildə qarşılanıblar. Qonaqlar teatrın tarixini əks etdirən “Şəki teatrı: Dünən və bu gün” adlı sərgi ilə tanış olublar.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəki Beynəlxalq Teatr Festivalının tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında festivalın şəhərin mədəni həyatında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxışında Şəkini “Sənətkarlar diyarı” adlandırıb. O, Azərbaycan Teatr Xadimləri İttifaqının adından festivalın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mirbala Səlimliyə xatirə hədiyyəsi təqdim edib.
Açılış gününün bədii proqramı Şəki Dövlət Dram Teatrının təqdim etdiyi “Uçqun” tamaşası ilə davam edib. Türkiyə dramaturqu Tuncer Cücenoğlunun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.
Tamaşada insanın daxilindəki qorxu hissinə qalib gəlməsi mövzusu ön plana çəkilir.
Tamaşadan sonra festivalın yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə və Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkür ifadə olunub. Ölkədə teatr sənətinin inkişafına verdiyi töhfələrə və V Şəki Beynəlxalq Teatr Festivalının təşkilindəki xidmətlərinə görə Şəki Dövlət Dram Teatrına da təşəkkür bildirilib.
Tədbir çərçivəsində Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbovaya, Şəki Dövlət Dram Teatrına və Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.
Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən isə Qazaxıstan, Özbəkistan və İran teatr kollektivlərinin rəhbərləri təltif olunublar.
Festival oktyabrın 5-də başa çatacaq.