Cəbrayılda mina partlayışı: mal-qara otaran şəxs yaralanıb
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Orxan Qəhrəmanov Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb.
Partlayış nəticəsində Qəhrəmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi nişanlarına diqqət yetirməyə, şübhəli əşyalara toxunmamağa, tanımadıqları ərazilərə daxil olmamağa və çəpərləmə işləri aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.
Son xəbərlər
Daha çox