Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, federasiyanın prezidenti vəzifəsinə AAYDA-nın sədri Vüsal Nəsirli, vitse-prezident vəzifələrinə isə agentliyin sədr müavini Tural Mailov və Əməkdar məşqçi İlkin Ağayev seçiliblər.
Yeni rəhbərliyin əsas məqsədi son illərdə fəaliyyəti məhdudlaşan federasiyanın işini bərpa etmək, Azərbaycanda peşəkar boksun inkişafını sürətləndirmək və ölkənin beynəlxalq arenadakı mövqeyini gücləndirməkdir.
Bu çərçivədə federasiyanın qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf strategiyasının hazırlanması, təşkilati strukturunun təkmilləşdirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur.