Azərbaycanda bank kreditləri üzrə icra işlərinin sayı 50% artıb - Zahid Oruc/ Video
Azərbaycanda bank kreditləri ilə bağlı icraata daxil olan yeni işlərin sayı 2024-cü ildə təxminən 50% artaraq 112 minə çatıb. Bunu deputat Zahid Oruc Milli Məclisdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə bank kreditləri ilə bağlı icraata 74 min yeni iş daxil olub. 2024-cü ildə icra xidmətinə daxil olan sənədlərin ümumi sayı isə 25,7% artaraq 387 mini ötüb.
Deputat qeyd edib ki, icra prosesində olan təxminən 1,2 milyon işin 40%-dək hissəsi kredit və digər maliyyə öhdəlikləri ilə bağlıdır.
Mərkəzi Bankın məlumatlarına istinad edən Oruc bildirib ki, 2026-cı ilin iyunun sonunda bank sektorunda 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi 932,3 milyon manata çatıb. Bu, ümumi kredit portfelinin təxminən 3%-ni təşkil edir.
Deputat təminatsız kreditlər üzrə borcların qaytarılmasında yaranan çətinliklərin yalnız icra mexanizmlərinin təkmilləşdirilməsi ilə həll edilməyəcəyini vurğulayıb. O, əhalinin məşğulluğunun və real gəlirlərinin artırılmasını, eləcə də bankların kredit verərkən borcalanların ümumi borc yükünü və ödəmə imkanlarını daha dolğun qiymətləndirməsini vacib sayıb.
Deputat hökumət və maliyyə qurumlarının təminatsız kreditlər üzrə faiz dərəcələrinin və şərtlərin dəyişdirilməsi məsələsini nəzərdən keçirə biləcəyini də bildirib.
Müzakirə olunan qanun layihəsi isə borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi qaydasını müəyyən edir. Sənədə əsasən, sənədli qiymətli kağızların götürülməsi, sənədsiz qiymətli kağızların isə mərkəzi depozitarda saxlanılması nəzərdə tutulur.
Gülnar Nazimqızı