AMB: Kredit məhdudiyyətlərinin qeyri-rəsmi borclanmanı artırdığını təsdiqləyən statistika yoxdur
Azərbaycanda bank kreditlərinə tətbiq edilən məhdudiyyətlərin qeyri-rəsmi borclanmanın artmasına səbəb olduğunu təsdiqləyən rəsmi statistika yoxdur. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın kreditləşmə ilə bağlı tələblərinin əsas məqsədi əhalinin izafi borclanmasının qarşısını almaqdır.
Ş. Mahmudzadə qeyd edib ki, istehlak kreditləri üzrə borcalanların ödəmə qabiliyyətinə dair tələblər, kredit kartları ilə bağlı məhdudiyyətlər və onlayn kreditlərin verilməsində gözləmə müddətinin tətbiqi bu məqsədə xidmət edir.
AMB rəsmisi bildirib ki, kreditləşmə şərtlərinin sərtləşdirilməsi bəzi müştərilərin alternativ maliyyələşmə mənbələrinə üz tutmasına səbəb ola bilər. Belə ki, banklardan kredit ala bilməyən şəxslər əvvəlcə bank olmayan kredit təşkilatlarına, daha sonra isə lombardlara müraciət edə bilərlər.
Bununla belə, o vurğulayıb ki, bu prosesin birbaşa qeyri-rəsmi borclanmanın artmasına səbəb olduğunu söyləmək düzgün deyil.
Mahmudzadə vətəndaşları zəruri olmayan xərclər üçün borclanmamaq barədə xəbərdar edib. Onun sözlərinə görə, borc hesabına əlavə dəyər yaratmayan xərclərin maliyyələşdirilməsi əhalinin borc yükünü artıraraq maliyyə vəziyyətinə mənfi təsir göstərir.
Aytac