AMB lombardların fəaliyyətini tənzimləyən qanun layihəsi hazırlayıb
Azərbaycanda lombardların fəaliyyətinin tənzimlənməsi və onlara nəzarət mexanizmlərinin yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, qanun layihəsində lombardların fəaliyyətinə dair tələblər, nəzarət mexanizmlərinin yaradılması və müştərilərin hüquqlarının qorunması məsələləri nəzərdə tutulub.
Ş. Mahmudzadə qeyd edib ki, yeni tənzimləmənin əsas məqsədlərindən biri vətəndaşların lombardlara girov qoyduqları əmlakın qorunmasını təmin etməkdir. Qanunvericilikdə müştərilərin girov qoyduqları əmlakla bağlı hüquq və maraqlarının pozulmasının qarşısını almağa yönəlmiş müddəalar əksini tapıb.
AMB rəsmisi bildirib ki, qanun qəbul edildikdən sonra fəaliyyət göstərən lombardlara öz işlərini yeni tələblərə uyğunlaşdırmaq üçün müəyyən keçid müddətinin verilməsi planlaşdırılır.
Aytac