Moldova Ukraynaya nota göndərib
Moldova hakimiyyəti iki Ukrayna sərhədçisinin Dnestr çayını üzərək keçməyə çalışan şəxsi təqib edərkən dövlət sərhədini qanunsuz keçməsinə görə Ukraynaya etiraz notası göndərib.Bu barədə Moldova parlamentinin Milli təhlükəsizlik, müdafiə və ictimai asayiş komissiyasının sədri Lilian Karp “Radio Moldova”nın efirində bildirib.
Onun sözlərinə görə, Moldova Xarici İşlər Nazirliyi Ukraynaya etiraz notası göndərib, insident isə Ukrayna rəsmiləri ilə də müzakirə olunub.
Karp hadisəni ciddi sərhəd pozuntusu kimi qiymətləndirib və Ukrayna vətəndaşının ölkəni qanunsuz tərk etmək cəhdinin sərhədin pozulmasına bəraət qazandırmadığını vurğulayıb.
Deputat əlavə edib ki, Moldovadan sığınacaq istəyən şəxsin beynəlxalq hüquqa uyğun olaraq sığınacaq alma ehtimalı yüksəkdir.
İnsident oktyabrın 15-də Moldovanın Soroka rayonunun Qoloşnitsa kəndi yaxınlığında baş verib. Məlumata görə, 49 yaşlı Ukrayna vətəndaşı Aleksey Koval Ukraynanı tərk etmiş ailəsinin yanına getmək üçün Dnestr çayını üzərək keçməyə çalışıb. Qayıqda olan iki Ukrayna sərhədçisi onu saxlamağa cəhd edib və avarla vurub. Yerli sakinlər kişini ağır vəziyyətdə sudan çıxarıblar.
İki sərhədçi readmissiya haqqında ikitərəfli saziş əsasında Ukrayna hakimiyyətinə təhvil verilib. Moldova Prokurorluğu dövlət sərhədinin qanunsuz keçilməsi faktı ilə bağlı cinayət işi açıb. İstintaq çərçivəsində qayıq və hadisə ilə əlaqəli digər əşyalar götürülüb.