Azad edilmiş ərazilərdə daha 8 su elektrik stansiyası tikilir
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha 8 su elektrik stansiyasının (SES) tikintisi davam etdirilir. İndiyədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumi gücü 307 MVt olan 38 SES istifadəyə verilib. Bunu “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev “Xalq qəzeti”ndə dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması, yerli resurslardan səmərəli istifadə və yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması regionların bərpası ilə paralel həyata keçirilir.
B.Rzayev qeyd edib ki, su elektrik stansiyaları təkcə elektrik enerjisi istehsalına deyil, həm də regionların enerji təminatının gücləndirilməsinə və bərpa olunan enerji mənbələrinin ümumi istehsaldakı payının artırılmasına xidmət edir.
O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda yaradılan enerji infrastrukturu Böyük Qayıdış prosesinin iqtisadi əsaslarının möhkəmləndirilməsində də mühüm rol oynayır. Yeni yaşayış məntəqələrinin, sosial obyektlərin, istehsal müəssisələrinin və aqrar təsərrüfatların enerji ilə təmin edilməsi regionun davamlı inkişafı üçün vacib şərtdir.
“AzərEnerji” rəhbərinin sözlərinə görə, gələcəkdə su elektrik enerjisi istehsalının rəqəmsal idarəetmə sistemləri ilə uzlaşdırılması, generasiya göstəricilərinin real vaxt rejimində izlənilməsi və şəbəkəyə ötürülən enerjinin səmərəli bölüşdürülməsi daha böyük əhəmiyyət daşıyacaq.