Ziyad Səmədzadə elektron ticarətin yerli istehsala təsirinin araşdırılmasını istəyib
Deputat Ziyad Səmədzadə elektron ticarətin Azərbaycanın daxili bazarına, yerli istehsala və idxala təsiri barədə ətraflı məlumat verilməsini təklif edib. O, qanun layihəsinin ikinci oxunuşunda ölkədə elektron ticarət dövriyyəsinin nə qədərinin daxili, nə qədərinin xarici ticarətin payına düşdüyünün açıqlanmasını istəyib.
Səmədzadə komitə müzakirəsində bildirib ki, elektron ticarətin inkişafı regionların ticarət dövriyyəsindəki payının azalmasına təsir göstərə bilər.
Onun sözlərinə görə, kənd yerlərində alıcılıq qabiliyyətinin zəifləməsi və əhalinin şəhərlərə axını bu göstəricilərə təsir edən amillərdəndir.
“Elektron ticarət qəbul edildikdən sonra bizim dövriyyəmiz nə qədər artıb, xaricdən nə qədər mal alırıq, bu malların strukturunda yerli istehsalı qoruyan, ya da məhdudlaşdıran istiqamətlər varmı?” - o bildirib.
Səmədzadə bəzi ölkələrdə elektron ticarətin inkişafının yerli istehsalçılara mənfi təsir göstərə bildiyini qeyd edərək, qiymət fərqləri və malların strukturu barədə də məlumat verilməsini istəyib. O, prosesi milli maraqlar və iqtisadiyyatın inkişafı baxımından təhlil etməyə çağırıb.
Gülnar Nazimqızı