Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi saytları açılmır
Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarının fəaliyyətində problem yaranıb.
Hazırda Nazirlər Kabinetinin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının saytlarına giriş mümkün deyil. Müşahidə olunan vəziyyətə görə, Mərkəzi Bankın və Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi saytları açılır.
Problemin səbəbi və aradan qaldırılma vaxtı ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Azərbaycanda dövlət qurumlarının saytlarında oxşar problem oktyabrın 14-də və 17-də də qeydə alınıb. Oktyabrın 14-də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət informasiya infrastrukturuna qarşı intensiv kiberhücumlar barədə məlumat yayıb.
Qurumun məlumatına görə, oktyabrın 13-də saat 22:00-dan etibarən Azərbaycana məxsus dövlət informasiya infrastrukturu ilə əlaqəli 100-dən çox domenə xarici haker qrupu tərəfindən hücumlar həyata keçirilib. Nəticədə bir sıra dövlət qurumlarının internet resurslarının fəaliyyətində pozuntular yaranıb. Hücumların təsirini azaltmaq və saytların əlçatanlığını bərpa etmək üçün texniki tədbirlər görülüb.
Oktyabrın 17-də də bir sıra dövlət qurumlarının saytlarına girişdə problem yarandığı barədə məlumat yayılıb. Hazırkı nasazlığın əvvəlki kiberhücumlarla əlaqəli olub-olmadığı barədə isə hələlik rəsmi açıqlama yoxdur.
Gülnar Nazimqızı