Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb
Bakının Nəsimi rayonunda 2001-ci ildə törədilmiş qətlin üstü açılıb. Həqiqət Məmmədovanı öldürməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş Rövşən Zeynalov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.
Məlumata görə, 1961-ci il təvəllüdlü Həqiqət Məmmədova 30 iyun 2001-ci ildə Bakı şəhərinin Nəsimi rayonu ərazisində qəsdən öldürülüb. Cinayət işi üzrə icraat təzələnib, rayon prokurorluğu və polis idarəsinin əməkdaşları kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Dindirmələr, müasir ekspertiza tədqiqatlarının nəticələrinin təhlili və uzlaşdırılması nəticəsində hadisənin təfərrüatları müəyyən edilib.
Toplanmış sübutlar əsasında 1976-cı il təvəllüdlü Rövşən Zeynalovun köməksiz vəziyyətdə olan Həqiqət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Zeynalov oktyabrın 20-də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Oktyabrın 22-də ona Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə — təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə ittihamı elan edilib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.