Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Rumıniya sahillərində dron hücumuna məruz qalan yük gəmisindəki üç Azərbaycan vətəndaşının hamısı xilas edilib.Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, oktyabrın 23-də Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə Azərbaycan vətəndaşlarının da olduğu “KHORYV” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.
Bildirilib ki, 13 nəfərlik gəmi heyətində olan üç Azərbaycan vətəndaşının hamısı xilas edilib. Onlardan yüngül xəsarət alan 1992-ci il təvəllüdlü Rufan Xaliq oğlu Əhmədov tibbi müayinədən keçirilib və mehmanxanaya yerləşdirilib.
Hacızadə qeyd edib ki, məsələ ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyi və aidiyyəti qurumlar əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir. Vətəndaşlara konsulluq dəstəyinin göstərilməsi üçün zəruri tədbirlər görülür.
XİN vətəndaşları hərbi əməliyyatların aparıldığı və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, eləcə də Qara və Azov dənizlərinin akvatoriyalarında hərəkət edən gəmilərdə işləməkdən çəkinməyə çağırıb.