İndoneziya Sinqapura kəmər qazı tədarükünü 9 faiz azaldıb
İndoneziya Sinqapura kəmər qazı tədarükünü təxminən 9% azaldaraq sərbəstləşən həcmləri daxili elektrik stansiyalarının təminatına yönəldib. Bu barədə neft-qaz sahəsi üzrə tənzimləyici qurumun (SKK Migas) rəhbəri Coko Sisvanto bəyan edib.
Oktyabrın 24-dən etibarən Sinqapura təbii qaz ixracının həcmi sutkada 31 milyon standart kubfut azaldılıb. Natuna rayonundan tədarük 15 milyon, Sumatradan isə 16 milyon kubfut ixtisar olunub.
Sisvantonun sözlərinə görə, azaldılan qaz həcmləri Batam, Bintan və Sumatra adalarında elektrik enerjisinə olan tələbatın ödənilməsinə yönəldiləcək.
Oktyabr ayının əvvəlində Batam şəhəri və Riau Adaları əyalətinin bir neçə yaşayış məntəqəsində 16 saatlıq elektrik kəsintisi qeydə alınmışdı.