IFC-nin maliyyə qurumları 2025-ci ildə mikro müəssisələrə 75,8 milyard dollarlıq kredit verib
Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) maliyyə institutları üzrə müştəriləri 2025-ci ildə mikro müəssisələrə ümumi məbləği 75,8 milyard dollar olan 44,6 milyondan çox kredit verib. Bu barədə IFC-nin Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova bildirib.
Əzimovanın sözlərinə görə, maliyyəyə çıxış imkanlarının genişləndirilməsi mikromaliyyənin vacib tərəflərindən biridir, lakin sektorun nəticəsi verilən kreditlərin həcmi ilə məhdudlaşmır.
“Əsas nailiyyət həmin maliyyə imkanlarının insanlara və bizneslərə inkişafa nə dərəcədə töhfə verməsi ilə ölçülür”, – o deyib.
Azərbaycanda mikromaliyyənin gələcək inkişafı üçün Əzimova üç istiqamət göstərib: sektorun real iqtisadiyyatda yaranan yeni imkanlarla daha sıx əlaqələndirilməsi, rəqəmsal iqtisadiyyat ekosisteminə inteqrasiyası və investisiyaların cəlb edilməsi imkanlarının genişləndirilməsi.
O bildirib ki, Azərbaycanda mikromaliyyə institutları uzun illərdir sahibkarlara və fermerlərə maliyyə xidməti göstərir, müştərilərlə uzunmüddətli münasibətlər qurur. Yeni bazarların, maliyyə alətlərinin və kommersiya tərəfdaşlıqlarının yaranması bu təcrübədən daha geniş istifadə üçün imkanlar aça bilər.
Əzimovanın sözlərinə görə, rəqəmsal transformasiya xidmətlərin təqdim edilmə üsulunu dəyişməklə yanaşı, iqtisadi dəyərin yarandığı sahələrə də təsir göstərir. O, mikromaliyyənin rəqəmsal iqtisadiyyat ekosisteminə inteqrasiyasının əhəmiyyətini vurğulayıb.
İnvestisiya cəlbinə gəldikdə isə Əzimova Mərkəzi Bankın mikromaliyyə üzrə strateji çərçivəsinin sektorun gələcək inkişafı üçün zəmin yaratdığını deyib. O qeyd edib ki, müxtəlif kapital mənbələrinin sektorda iştirakına etimad yaratmaq vacibdir; bunun üçün ayrı-ayrı institutların gücləndirilməsi ilə yanaşı, peşəkar standartlar, tərəfdaşlıqlar və innovasiya potensialı da əhəmiyyət daşıyır.
Gülnar Nazimqızı