MFC Azərbaycanda mikromaliyyə modelinin tətbiqinə dəstək verməyə hazırdır
Mikromaliyyə Mərkəzinin (MFC) icraçı direktoru Katarzyna Pawlak Azərbaycanda mikromaliyyə modeli hazırlanandan tətbiq mərhələsinə keçdikcə MFC-nin AMFA və Mərkəzi Banka dəstək göstərməyə hazır olduğunu açıqlayıb.
“İllər əvvəl praktikləri və tənzimləyiciləri sadəcə dialoq qurmaq üçün bir araya gətirirdik. Bu gün Azərbaycan Mərkəzi Bankı ilə sektor əməkdaşlıq edir, AMFA isə onların arasında körpü rolunu oynayaraq ölkənin mikromaliyyə modelinin formalaşmasına kömək edir”, – Pawlak AMFA-nın ildönümünə həsr olunmuş tədbirdə deyib.
O, AMFA-nın 2001-ci ildə təsis olunandan bəri sektorun inkişafında rolunu vurğulayıb. Təşkilat Dünya Bankı, SECO və GIZ kimi tərəfdaşlarla işləyərək regional siyasət forumlarında mikromaliyyə praktiklərini və tənzimləyiciləri bir araya gətirib.
Pawlakın sözlərinə görə, AMFA şəffaf hesabatlılıq və müqayisəli göstəricilərin paylaşılmasını, müştəri müdafiəsini və maliyyə savadlılığını təşviq edib, son illərdə isə iqlim məsələlərinin mikromaliyyə gündəliyinə daxil edilməsinə dəstək verib.
Pawlak bildirib ki, sektorun qarşısında duran çağırışlar dəyişsə də, qərarların mərkəzində müştəri qalmalıdır. Texnologiya, süni intellekt və iqlim maliyyəsi özlüyündə məqsəd deyil; onların dəyəri müştərilərə daha yaxşı xidmət göstərməyə kömək etmələri ilə ölçülür.
“Burada müzakirə etdiyimiz hər şey ya müştərilər üçündür, ya da müzakirəyə dəyməz”, - Pawlak deyib.
O, bunu kənd yerlərində biznesini genişləndirməyə və məhsulunu quraqlıqdan qorumağa çalışan qadın sahibkarın nümunəsi ilə izah edib.
Gülnar Nazimqızı