Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Azərbaycanda vəzifəli şəxslərin şəxsi maraqlarının xidməti qərarlara təsir etməsinin qarşısını almaq üçün yeni qaydalar tətbiq oluna bilər. Bu, “Maraqlar toqquşması haqqında” qanun layihəsində nəzərdə tutulur.
Layihəyə əsasən, vəzifəli şəxslər şəxsi maraqları ilə xidməti vəzifələri arasında ziddiyyət yarana biləcək hallar barədə səlahiyyətli qurumlara məlumat verməli olacaqlar. Onlar vəzifəyə təyin olunmazdan və ya seçilməzdən əvvəl, daha sonra isə hər il aprelin 15-dək şəxsi maraqları barədə bəyannamə təqdim etməlidirlər.
Şəxsi marağa aid məsələ müzakirə edilərkən vəzifəli şəxs qurumu məlumatlandırmalı və həmin məsələyə baxılmasında iştirakdan kənarlaşmalıdır. Maraqlar toqquşması müəyyən edilərsə, onun aradan qaldırılması üçün vəzifə səlahiyyətlərinin dəyişdirilməsi, şəxsin müvafiq işdən kənarlaşdırılması və ya aktivlərin özgəninkiləşdirilməsi kimi tədbirlər görülə bilər.
Layihə vəzifəli şəxslərin sahibkarlıq və digər ödənişli fəaliyyətinə də məhdudiyyətlər nəzərdə tutur. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, əlavə iş və ya kənar fəaliyyət üçün səlahiyyətli subyektin rəyi tələb olunacaq.
Bəzi vəzifəli şəxslər işlədikləri qurumdan ayrıldıqdan sonra iki il ərzində həmin qurumun nəzarət etdikləri və ya qərar verdikləri özəl şirkətlərdə işləyə və onlarla müqavilə bağlaya bilməyəcəklər. Layihədə dövlət satınalmaları, hədiyyələrin qəbulu, xidməti məlumatdan və dövlət əmlakından istifadə ilə bağlı məhdudiyyətlər də yer alır.
Maraqlar toqquşması nəticəsində qanunsuz əldə edilmiş əmlak, imtiyaz və ya güzəştlər könüllü qaytarılmadıqda məhkəmə qərarı ilə dövlətin xeyrinə alına bilər. Qanun layihəsində tələblərin pozulmasına görə intizam məsuliyyəti, eləcə də qanunla nəzərdə tutulmuş digər məsuliyyət tədbirləri də göstərilir.
Layihəyə görə, qanun dərc olunduğu gündən altı ay sonra qüvvəyə minəcək.