Lətif Qasımov: Aqrar sahənin inkişafı yeni dövlət proqramı ilə sürətləndiriləcək
Kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunun əsas sahələrindən biridir və hazırda keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bunu Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, tətbiq olunan güzəştlər, subsidiyalar və müasir texnoloji həllər sektorun inkişafına mühüm töhfə verir.
Qasımov qeyd edib ki, aqrar sahədə səmərəliliyin artırılması, fermerlərin rəqabətqabiliyyətli məhsul istehsalına dəstəklənməsi və kəndlərin sosial-iqtisadi həyatının yaxşılaşdırılması əsas hədəflərdəndir.
O bildirib ki, 2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramında bu istiqamətdə mühüm strateji hədəflər müəyyənləşdirilib.
O vurğulayıb ki, iqlim dəyişikliklərinin qlobal çağırışa çevrildiyi müasir dövrdə innovativ texnologiyaların tətbiqi və aqrar sektorda səmərəliliyin yüksəldilməsi dayanıqlı məhsuldarlığın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Aytac Zeynalova